Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın dünyanın ən böyük arxivlərindən olan Vatikan arxivlərində saxlanılan zədələnmiş qədim əlyazmalarının bərpasına başlanılıb. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib.
Onun sözlərinə görə, bu iş Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti hesabına icra edilir. Bərpa işlərini Vatikanın bu sahədə böyük təcrübəsi olan mütəxəssisləri aparır.
Ələkbərli deyib ki, Vatikandakı bir çox orta əsr Azərbaycan əlyazmaları yaxşı vəziyyətdə deyil. Onların bəziləri cırılıb, bəzilərinin səhifələri qarışıb, bəzilərində miniatürlərin rəngləri pozulub. Ümumilikdə 40-a yaxın əlyazmanın bərpaya ehtiyacı var. Sentyabradək zədələnmiş bütün əlyazmaların bərpasının yekunlaşması nəzərdə tutulur.
"Zədələnmiş əlyazmaların surətləri bizdə var. Amma daha çox zədələnmiş əlyazmalar bərpa edildikdən sonra onların da surətlərini də alacağıq", - Ələkbərli qeyd edib.