...

Azərbaycanın orta məktəblərində dərslər dayandırıla bilər

Cəmiyyət Materials 30 Yanvar 2012 15:41 (UTC +04:00)
Azərbaycanda hava şəraiti və yolların vəziyyəti daha da pisləşsə, orta məktəblərdə dərslərin dayandırılması məsələsinə baxıla bilər.
Azərbaycanın orta məktəblərində dərslər dayandırıla bilər

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hava şəraiti və yolların vəziyyəti daha da pisləşsə, orta məktəblərdə dərslərin dayandırılması məsələsinə baxıla bilər. Bunu bazar ertəsi Trend-ə Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.

Onun sözlərinə görə, hazırda orta məktəblərdə dərslər keçirilir.

Hava şəraiti ilə əlaqədar yerlərdə dərslərin dayandırılması barədə valideynlərdən də heç bir təklif daxil olmayıb.

"Təbii ki, qarlı hava şəraiti dərslərin keçirilməsinə müəyyən mənada təsir göstərə bilər. Ancaq dərslərin dayandırılması ilə bağlı heç bir təklif daxil olmayıb və bu barədə məsələ qaldırılmayıb", - o deyib.

Əhmədovun sözlərinə görə, təbii ki, hava şəraiti və yolun vəziyyəti pisləşsə, bu məsələyə baxıla bilər. Amma hələ ki, buna elə ehtiyac yoxdur.

O, ölkədəki məktəblərin əksəriyyətində istilik sisteminin olduğunu da söyləyib.

Hazırda Azərbaycanda Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 4256 ümumtəhsil məktəbi var. Onların 1005-i mərkəzləşdirilmiş istilik sistemi və fərdi qazanxana vasitəsilə qızdırılır. Məktəblərin 735-i dizel yanacağı, 27-si qaz sobaları, 2112-si odunla, 377-si isə elektrik cihazları ilə isidilir.

Hazırda Azərbaycanda şaxtalı hava şəraiti müşahidə edilir. Sinoptiklər qısa davam edən mülayimləşmədən sonra fevralın 2-də ölkə ərazisində hava şəraitinin yenidən kəskinləşəcəyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti