...

Qəhrəman kəşfiyyatçı İbad Hüseynovun keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən kitabın təqdimatı olub

Cəmiyyət Materials 18 Fevral 2012 14:34 (UTC +04:00)
Qəhrəman kəşfiyyatçı İbad Hüseynovun keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən kitabın təqdimatı olub
Qəhrəman kəşfiyyatçı İbad Hüseynovun keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən kitabın təqdimatı olub

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycan bayrağı" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynovun uşaqlıq və gənclik illərindən, döyüş həyatından, Qarabağ müharibəsi zamanı keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən "Xüsusi təyinatlı" adlı kitabın təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində millət vəkilləri, İbad Hüseynovun döyüş yoldaşları, yaxınları, ictimaiyət nümayəndələri iştirak edib.

Tədbirin əvvəlində İbad Hüseynovun Qarabağ müharibəsi zamanı keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən film nümayiş etdirilib. Daha sonra millət vəkilləri, İbad Hüseynovun döyüş yoldaşları çıxış edərək onun döyüş tarixçəsindən danışıb və kitabın əhəmiyyətini vurğulayıblar.

Kitaba ön söz yazan millət vəkili Qənirə Paşayeva bu kitabın əhəmiyyətini qeyd edib və gənc nəsillər üçün önəmindən danışıb.

"Qoy bizim böyüyən gənc nəsillərimiz görsünlər ki, biz ağrılar, faciələr, soyqırımlar yaşamışıq, ancaq Azərbaycan xalqı aciz bir xalq deyil, bu xalqın qəhrəman oğulları var. Bu qəhrəman oğulları görərək onlar özündə o gücü tapmalıdır, onlardan örnək götürməlidir. Bizim torpaqlarımızın bir hissəsini düşmən müvəqqəti olaraq ələ keçirib. Ancaq o torpaqlar düşmənin deyil. Bu xalq da bu müvəqqəti itki ilə barışmayacaq", - Paşayeva bildirib.

İbad Hüseynov Azərbaycan hərbiçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri, Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. O, 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürməsi ilə məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli filmi çəkilib.

Xəbər lenti

Xəbər lenti