...

Azərbaycanda nikaha girənlərdən tibbi arayış tələb olunacaq

Cəmiyyət Materials 21 Fevral 2012 16:02 (UTC +04:00)
Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olunması ilə bağlı Ailə Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin plenar iclasına müzakirəyə tövsiyə olunub.
Azərbaycanda nikaha girənlərdən tibbi arayış tələb olunacaq

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olunması ilə bağlı Ailə Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin plenar iclasına müzakirəyə tövsiyə olunub.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə axşamı keçirilən iclasında komitə sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycanda 200 minədək uşağın anadangəlmə əlilliyi olur və onların əksəriyyəti 25-30 il yaşaya bilmirlər.

"Bu problemlərin aradan qaldırılması üçün nikaha daxil olanların tibbi arayış təqdim etməsi zəruridir. Ailə quran insanlar bir-birinin xəstəlikləri barədə məlumatlı olmalıdırlar", - o deyib.

Rəcəbli deyib ki, dəyişiklikdə həkimin məsuliyyəti bir daha vurğulanır, həmçinin VVAQ şöbəsinin konfidensiallığı qorumasının vacibliyi qeyd olunur.

İclasda komitə üzvü Əhliman Əmiraslanov bildirib ki, xəstə uşaqların doğulması ailə üçün böyük problemdir. Onun sözlərinə görə, bu irsi xəstəliklərin və digər ağır patologiyaların aradan qalxmasına şərait yaradacaq.

Məcəlləyə təklif olunan dəyişikliyə görə, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanına siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəliklər üzrə tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər. Öz növbəsində bu qurum nikah qeydiyyata alınmazdan əvvəl tərəfləri tibbi müayinə haqqında arayışın nəticələri ilə tanış edir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamağa borcludurlar. Həmin şəxslər bu məlumatların açıqlanmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsi yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək. Nikaha girənlərdən biri siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş xəstəliklərin olmasını gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti