Azərbaycan, Bakı, 22 fevral / Trend müxbir K.Zərbalıyeva/
Penitensiar Xidmət 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan bir neçə məhkumun müraciətində səsləndirilən ittihamlara münasibət bildirib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəisi Mehman Sadıqov Trend-ə bildirib ki, Babək Həsənov, Məhəmməd Məcidli və Zülfüqar Eyvazovun adından mətbuatda yayılan müraciətlərdə yer alan ittihamlarla bağlı Penitensiar Xidmətin aidiyyəti qurumları tərəfindən müvafiq araşdırma aparılıb.
Sadıqovun sözlərinə görə, adları çəkilən məhkumlar dindirilib və yazılı izahatlarında bildiriblər ki, onlardan müəssisə əməkdaşları tərəfindən görüşlərin təqdim olunması, tibbi xidmətin göstərilməsi, ümumiyyətlə hər hansı bir işlə bağlı saxlandıqları cəzaçəkmə müəssisəsində pul tələb olunmayıb, rüşvət istənilməyib.
"Həmin məhkumlara guya mətbuatla tanış olmağa, gündəlik qəzetləri oxumağa imkan verilməməsi ilə bağlı fikirlər araşdırma zamanı təsdiqini tapmayıb. Həmçinin onlara yuyucu toz, sabun verilmədiyi barədə məlumat da həmin məhkumlar tərəfindən təsdiq olunmayıb. Müəssisədə cəza çəkən digər məhkumlar kimi, adıçəkilən şəxslər də yuyucu vasitələrlə təmin olunurlar", - Sadıqov deyib.
Yeməyin keyfiyyətinin aşağı səviyyədə olması ilə bağlı iradlara gəlincə, mərkəz rəisi deyib ki, araşdırma zamanı yeməyin keyfiyyəti yoxlanılıb, digər məhkumlardan da bu barədə soruşulub.
"Bu məlumat da araşdırma zamanı təsdiqini tapmayıb. Digər məhkumlar da izahatlarında yeməyin keyfiyyətindən hər hansı şikayətlərinin olmadığını deyiblər", - o bildirib.
Cəzaçəkmə müəssisəsində həftələrlə suyun olmaması, hamamdan istifadə edə bilməmələri barədə müraciətdə qeyd olunanlarla bağlı Sadıqov bildirib ki, qüvvədə olan qanunvericiliyə görə, məhkumlara həftədə 1 dəfədən az olmayaraq hamam verilir.
"Həmin müəssisədəki məhkumlara minimum həftədə 2 dəfə hamam verilir. Bu, qrafiklə həyata keçirilir və məhkumlara hamam verilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur", - xidmət sözçüsü deyib.
Həmin məhkumların təxribata çəkilməsi ilə bağlı müraciətdə yer alan fikirlərə gəlincə isə Sadıqov bu məsələnin araşdırıldığını bildirib.
Onun sözlərinə görə, qüvvədə olan daxili intizam qaydalarına əsasən, hər bir məhkum rejim qaydalarına ciddi riayət etməli, hər hansı pozuntuya yol verməməlidir.
"Bununla bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyi həm adları çəkilən məhkumların, həm də digərlərinin həmin qaydalara ciddi riayət etmələrinə nəzarət edir. Penitensiar Xidmət olaraq biz bütün məhkumların təhlükəsizliyinə tam zəmanət veririk", - o deyib.
Qeyd edək ki, həmin məhkumların adından mətbuatda yuxarıda qeyd olunan məsələlərlə bağlı müraciətlər yayılıb.
Məhəmməd Məcidli, Zülfüqar Eyvazov və Babək Həsənov ötən il aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirlər.