Azərbaycan, Bakı, 25 fevral /Trend/
Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində davamlı tədbirlər həyata keçirən "Azərsun Holdinq" bu il də silsilə tədbirlər həyata keçirib.
Holdinqdən şənbə günü Trend-ə verilən məlumata görə, fevralın 24-də holdinqin mədəniyyət mərkəzində "Azərsun Holdinq"lə Dağlıq Qarabağın Azərbaycanlı İcması birgə anım tədbiri keçirib. Tədbirdə Xocalıdan olan faciəni yaşamış insanlar, məcburi köçkünlər, holdinq əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak edib. "Qarabağ" futbol klubunun yeniyetmələrdən ibarət komandası da anım tədbirində olub.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı qısametrajlı film, sonra isə Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən hazırlanan "Xocalı" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirdə holdinqin idarə heyətinin sədri Abdulbari Gözəl, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, şair Şirzad Qənbərov çıxış ediblər.
Fevralın 25-də isə holdinqin idarə heyətinin sədri Abdulbari Gözəl başda olmaqla holdinqin kollektivi "Ana fəryadı" abidəsini ziyarət edib. Ziyarət zamanı abidənin önünə əklil qoyan Gözəl və holdinqin kollektivi şəhidlərin ruhunu ehtiramla yad ediblər.
Holdinq tərəfindən anım tədbirləri davam edir.