...

Azərbaycanda 300-dən çox tələbənin təqaüdünü mənimsəyən lisey direktoru həbs edilib

Cəmiyyət Materials 7 Mart 2012 17:41 (UTC +04:00)
Azərbaycanda 300-dən çox tələbənin təqaüdünü mənimsəyən lisey direktoru həbs edilib.
Azərbaycanda 300-dən çox tələbənin təqaüdünü mənimsəyən lisey direktoru həbs edilib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/

Biləsuvar rayon sakini Xudiyeva Əsli Savalan qızının Təhsil Nazirliyinin Biləsuvar Peşə Liseyində təhsil alan tələbələrə dövlət tərəfindən ayrılmış təqaüdlərin liseyin direktoru Teymur Poladov tərəfindən mənimsənilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müəyyən edilmişdir ki, liseyin direktoru Teymur Poladov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2010-cu ilin sentyabrında liseydə təhsil alan 335 tələbəyə hər ay dövlət tərəfindən verilməsi nəzərdə tutulmuş təqaüdü, tələbələrin adlarına rəsmiləşdirib qanunsuz olaraq özündə saxladığı bank kartlarından istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talayıb.

Peşə liseyinin inzibati binasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Teymur Poladovun gödəkçəsinin cibindən tələbələrə məxsus 10 ədəd "Viza elektron" plastik kartları və cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra sənədlər aşkar edilərək götürülüb.

Bundan başqa, Teymur Poladovun qardaşı Seymur Poladovun Bakı şəhərində yaşadığı mənzilindən liseyin tələbələrinə məxsus 325 ədəd "Viza elektron" plastik kartları aşkar edilərək götürülüb.

Fakta görə Teymur Poladov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb və təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti