...

Azərbaycanda piratçılığa qarşı mübarizə sərtləşdirilir

Cəmiyyət Materials 18 Aprel 2012 13:04 (UTC +04:00)
Azərbaycanda əqli mülkiyyət obyektlərinin piratçılıq yolu ilə istehsalı və yayılmasının qarşısını almaq məqsədilə qanunvericilikdə tədbirlər müəyyənləşdirilir.
Azərbaycanda piratçılığa qarşı mübarizə sərtləşdirilir

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda əqli mülkiyyət obyektlərinin piratçılıq yolu ilə istehsalı və yayılmasının qarşısını almaq məqsədilə qanunvericilikdə tədbirlər müəyyənləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu tədbirlər "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsində nəzərdə tutulub.

Bu təbrilər sırasına əqli müliyyət obyektlərinə eyniləşdirmə nömrələrinin verilməsi daxildir.

Layihədə qeyd olunur ki, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hüquqi qorunmasını təmin etmək məqsədi ilə belə obyektlərdə unikal rəqəmli kodlardan istifadə olunmalıdır.

Həmin kodlar müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hazırlanmasının mənşəyi haqqında informasiyanı eyniləşdirməyə imkan verir.

Müvafiq icra hakimiyyəti orqanı İSBN, İSMN, İSSN, İSAN və İSRC beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsini həyata keçirir.

Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi qaydalarını və həmin nömrələrin verilməsinə görə haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Qaydalarda beynəlxalq standart eyniləşdirmə nömrələrinin alınmasının könüllü və məcburi olduğu hallarda müəyyən ediləcək.

Layihədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı rəqəmsal şəbəkələrdə də müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarından istifadəyə nəzarət edəcək. Həmçinin hüquq sahiblərinin mənafelərinə və iradələrinə uyğun olaraq bu hüquqların kollektiv əsasda idarəçiliyini təşkil edəcək. Hüquq sahibinin hüquqların pozulduğu, o cümlədən hüquqlardan istifadəyə qoyulmuş məhdudiyyətləri təmin edən texniki müdafiə vasitələrinin qeyri-qanuni dağıdıldığı, eləcə də hüquq sahibinin razılığı olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın ləğvi, yaxud dəyişdirildiyi hallarda müvafiq tədbirlər görəcək.

Qanun layihəsində qeyd olunur ki, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır.

Müvafiq icra hakimiyyəti orqanı nəzarət markası almaq hüququ olan şəxslərin dairəsini, nəzarət markasının və onun verilməsi üçün ərizənin nümunələrini, bu ərizəyə baxılma müddətini və digər qaydaları təsdiq edəcək və nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləğini müəyyən edəcək.

Nəzarət markalarının verilməsi məqsədi ilə müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) yayılmasına nəzarəti də müvafiq icra hakimiyyəti orqanı təmin edəcək.

Azərbaycan ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayım məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulmuş audiovizual əsərlərin (filmlərin) nüsxələrinə nəzarət markaları həmin film "Kinematoqrafiya haqqında" Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındıqdan və filmlərin dövlət reyestrinə daxil edildikdən sonra yapışdırılacaq.

Nəzarət markası olmayan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin yayılmasına yol verilməyəcək.

Qanun layihəsi nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin dövlət reyestrinin aparılmasını da müəyyən edir.

Ölkəyə idxal edilən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinə nəzarət markalarının yapışdırılması gömrük rəsmiləşdirilməsindən sonra həyata keçiriləcək.

Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı qadağandır.

Qanun bu halda həmin pirat məhsulların, saxta yolla hazırlanmış nəzarət markalarının müsadirə olunmasını müəyyən edir.

Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərindən, habelə nəzarət markalarından qeyri-qanuni istifadə edilməsi məsuliyyət yaradacaq.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti