...

Braziliya idman sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

Cəmiyyət Materials 23 Aprel 2012 08:00 (UTC +04:00)
Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ölkəmizlə idman və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır
Braziliya idman sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.Mehdiyev/

Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ölkəmizlə idman və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır.

"Hər iki ölkəyə yaxın olan daha bir sahə idmandır", - bunu Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Sergio de Souza Fontes Arrudan Trend-ə müsahibəsində deyib.

Səfir bildirib ki, Braziliya yaxın bir neçə həftə ərzində ikitərəfli əməkdaşlıq haqqında saziş imzalamaq üçün Azərbaycan Gənclər və İdman Nazirliyindən müsbət cavab almağa ümid edir.

Onun sözlərinə görə, Braziliya 2016-cı il Olimpiya Oyunlarının ev sahibi seçilib.

"Biz başa düşürük ki, Azərbaycan bu məsələ üzərində çox ciddi işləyir və beynəlxalq mərasimlərin keçirilməsi üçün daha münasib yer olması baxımından beynəlxalq idman arenasında getdikcə daha çox nəzərə çarpır. Mən Azərbaycanda iyunda keçiriləcək FIFA U-17 qızlar arasında dünya çempionatında iştirak etməkdən məmnun olardım", - de Souza Fontes Arrudan qeyd edib.

Səfir deyib ki, Braziliya Azərbaycanın 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi etmək məqsədilə ilk addımlarını çox diqqətlə izləyir.

Azərbaycan 2020-ci il Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyini irəli sürüb.

"Braziliya Olimpiya Oyunlarının keçirilməsi üçün bütün ölkə üzrə, xüsusən Bakıda müşahidə etməyin mümkün olduğu səyləri, infrastruktura qoyulan iri investisiyaları, Azərbaycanda idmanla məşğul olmaq üçün çox yaxşı şəraiti, Azərbaycanın əvvəlki başlanğıclarının uğurlarını yüksək qiymətləndirir. Bütün bunların hamısı müsbət göstəricidir", - səfir hesab edir.

Diplomat vurğulayıb ki, Braziliya cari ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək Londondan çox şey öyrənir, ölkələr arasında təcürbə mübadiləsi üzrə ikitərəfli saziş mövcuddur.

"Gələcəkdə Azərbaycan Olimpiya Oyunlarının keçirilməsi üçün məkan seçildikdən dərhal sonra Braziliya və Azərbaycan təcrübə mübadiləsi apara bilərlər", - səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti