...

Azərbaycanda uşaqların təşkilatlar yaratması ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunur

Cəmiyyət Materials 3 May 2012 14:42 (UTC +04:00)
Azərbaycanda uşaqlar tərəfindən təşkilatların, qrupların yaradılması ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunur.
Azərbaycanda uşaqların təşkilatlar yaratması ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunur

Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda uşaqlar tərəfindən təşkilatların, qrupların yaradılması ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunur.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi, "Ümidli Gələcək" Gənclər Birliyinin sədri Nabil Seyidov Trend-ə bildirib ki, uşaqların asudə vaxtlarının təşkili üçün uşaq təşkilatlarının, assosiasiyalarının yaradılmasına ehtiyac var.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi uşaqlar tərəfindən hansısa təşkilatların, assosiasiyaların yaradılmasına icazə vermir.

Seyidov bildirib ki, uşaqlar tərəfindən belə təşkilatların yaradılmasının sadə mexanizmi müəyyən edilməlidir.

"Bu təşkilatlar elə bir formada yaradılmalıdır ki, onlardan maliyyə hesabatları tələb olunmasın. Uşaqların birləşdiyi təşkilatlar məktəb, bələdiyyə, icma, mədəniyyət saraylarının daxilində yaradıla bilər. Qanunvericilikdə bununla bağlı dəyişikliklərə ehtiyac var və belə bir təkliflə qanunverici orqana müraciət olunacaq. Yaradılacaq təşkilatlar icma, məktəb, bələdiyyə tərəfindən qeydiyyata alınmalıdır", - milli əlaqələndirici deyib.

Onun sözlərinə görə, uşaqlar icma daxilində özləri ilə bağlı problemlərin həllində iştirak etməli, problemlərdən çıxış yollarının tapılmasında, yeni layihələrin hazırlanmasında, müvafiq qərarların hazırlanması və qəbulunda iştiraka cəlb olunmalıdır.

Seyidov qeyd edib ki, Azərbaycan qanunvericiliyində uşaqların istirahət, iştirak və inkişaf hüquqlarının təmin olunması ilə bağlı kifayət qədər boşluqlar var.

Milli əlaqələndirici deyib ki, uşaqların asudə vaxtlarının təşkili, inkişafı və iştirak hüquqlarının təmin olunması məqsədilə dövlət büdcəsindən maliyyələşən xüsusi dərnəklərin, uşaq düşərgələrinin yaradılması, spartakiadaların təşkil edilməsi, məktəblərdə müxtəlif istiqamətlərdə tədbirlərin həyata keçirilməsi zəruridir.

"Özünidarəetmə orqanlarında, məktəb şuralarında, bələdiyyələrdə uşaqların iştirakı təmin olunmalıdır. Bələdiyyələr tərəfindən müxtəlif istirahət parklarının, oyun meydançalarının salınması uşaqların istək və arzuları öyrənilməklə və uşaqların iştirakı ilə həyata keçirilməlidir. Biz bununla bağlı təkliflər hazırlamışıq", - o deyib.

Seyidov bildirib ki, Milli Məclisin Sosial siyasət komitəsi ilə birgə mayın ikinci yarısında uşaqların inkişaf, istirahət və iştirak hüquqlarının müdafiəsi sahəsində mövcud problemlərə həsr olunmuş "dəyirmi masa" keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti