Azərbaycan, Bakı, 10 may / Trend, müxbir Ə.Həsənov /
Cümə axşamı Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş beynəlxalq velosiped turunun ikinci mərhələsi start götürüb.
Hər biri altı velosipedçidən ibarət 17 komanda Rəşid Behbudov küçəsi-Bakıxanov küçəsi-Tbilisi prospekti və sonradan Quba-Şamaxı-İsmayıllı istiqamətində hərəkət edəcək.
Komanda yarışlarından sonra velosipedçilər 2-ci mərhələ çərçivəsində Bakı-İsmayıllı marşrutu üzrə 176 km məsafə, o cümlədən Böyük Qafqaz dağlarında 3 yüksəklik qət edəcəklər.
150 kilometrdən sonra pelaton veloturun ən yüksək nöqtəsinə çatacaq və enişli yolla İsmayıllıya - finiş xəttinə istiqamətlənəcək.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental Turudur.
Yarış Azərbaycan Velosiped idmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın "FreundeEventlogistik" şirkəti ilə birlikdə təşkil olunub.
Peşəkar velosiped idmanı üzrə yarış Azərbaycanda ilk dəfə keçirilir.