...

Elmin İnkişafı Fondu növbəti qrant müsabiqəsini elan edib

Cəmiyyət Materials 10 May 2012 17:34 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun cari il üçün 2-ci qrant müsabiqəsi elan olunub.
Elmin İnkişafı Fondu növbəti qrant müsabiqəsini elan edib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun cari il üçün 2-ci qrant müsabiqəsi elan olunub.

Fonddan cümə axşamı Trend-ə verilən məlumata görə, bu müsabiqə çərçivəsində qrant layihələrinin maliyyələşdirilməsinin ümumi həcmi 8,9 milyon manat olacaq. Qrant müsabiqəsi çərçivəsində təqdim olunacaq layihələr, müxtəlif maliyyə həcmli qrantlar şəklində olmaqla, müxtəlif yönlü layihələri əhatə edəcək.

Bu müsabiqə çərçivəsində elmi-tədqiqat müəssisələrinin və digər qurumların elmi fəaliyyətini təkmilləşdirmək, qısa müddət ərzində əhəmiyyətli elmi nəticələr alınmasını stimullaşdırmaq, kadr hazırlığını təmin etmək məqsədilə elmin ayrıca götürülmüş sahələrinin və istiqamətlərinin inkişafına böyük həcmli (0,5 milyon manatdan yuxarı) qrantların verilməsi yolu ilə qurumlar tərəfindən təqdim edilmiş pilot layihələrinin maliyyələşdirilməsinə xüsusi diqqət yetiriləcək. Pilot layihələr yeni yüksək texnologiyaların fiziki əsasları, qeyri-üzvi və üzvi materiallar əsasında perspektivli nazik təbəqəli sistemlər, yeni kimyəvi və yüksək molekullu birləşmələr, ətraf mühit və ekoloji təhlükəsizlik, hidrobiologiya və akvakultura, təbii resurslar və ərzaq təhlükəsizliyi kimi prioritet və aktual elmi istiqamətləri əhatə edəcək. Pilot layihələrin ümumi maliyyələşdirilmə həcmi 7,5 milyon manat nəzərdə tutulub.

Pilot tipli layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsində məqsəd müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin maddi-texniki təminatının müasir tələblərə cavab verən səviyyədə yenilənməsinin dəstəklənməsidir. Pilot layihələrdə maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, kadr hazırlığı da nəzərdə tutulur. Ünvanlı xarakter daşıyan bu müsabiqədə elmi fəaliyyətlə məşğul olan akademiya və təhsil sistemindəki və digər qurumlar (elmi-tədqiqat institutları, təşkilatları, müəssisələri və b.) iştirak edə bilərlər.

Cari müsabiqə çərçivəsində fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmlər, kimya elmləri və humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental-tətbiqi xarakterli layihələrin orta maliyyə həcmli (10 min - 100 min manat) qrantlar vasitəsilə maliyyələşdirilməsi də planlaşdırılıb. Bu tip layihələrin ümumi maliyyələşdirilmə həcmi 900 min manat olacaq.

Kiçik (10 min manatadək) və orta (10 min - 100 min manat) maliyyə həcmli qrantların verilməsi yolu ilə isə elmi-tədqiqatların müasir tələblərə cavab verən maddi-texniki təminatı (cihazlar, qurğular, avadanlıqlar, məmulatlar və s.), ölkənin sosial-mənəvi, elmi-texniki və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən respublika, regional və beynəlxalq səviyyəli konfrans, simpozium, seminar və başqa elmi tədbirlərin Azərbaycanda təşkili və keçirilməsi, Azərbaycan alimlərinin və mütəxəssislərinin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsi, Azərbaycanda elmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi əsərlərin nəşrinin dəstəklənməsi, xüsusilə vacib hallarda (yeni metodun və cihazın öyrənilməsi və s.), qısa müddətli təcrübə keçmə proqramlarının həyata keçirilməsi kimi xüsusi layihələr də dəstəklənəcək. Xüsusi layihələrin ümumi maliyyələşdirilmə həcmi 500 min manatdır.

Xəbər lenti

Xəbər lenti