...

Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti iyulun 11-dək davam edəcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 3 İyul 2012 12:14 (UTC +04:00)
Azərbaycanda hazırda müşahidə edilən qeyri-sabit hava şəraiti iyulun 11-dək davam edəcək.
Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti iyulun 11-dək davam edəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda hazırda müşahidə edilən qeyri-sabit hava şəraiti iyulun 11-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə axşamı Trend-ə bildirib ki, iyulun 11-dək fasilələrlə, xüsusən gecə və axşam saatlarında respublikanın rayonlarında yağıntı müşahidə olunacaq. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Qeyd edək ki, Gürcüstanın Havanın Monitorinqi Mərkəzinin məlumatına görə, bu gün ölkənin Rusiya ilə sərhədində yerləşən dağlıq ərazisində - Tuşetidə qar yağıb. Yağan qarın hündürlüyü 10 sm olub. Sinoptiklər yaxın 3 gün ərzində Gürcüstanda havanın temperaturunun daha da enəcəyini proqnozlaşdırırlar.

Gürcüstandakı hava kütlələrinin Azərbaycana təsirinə gəldikdə, Tağıyeva deyib ki, hazırda ölkəmizdə hava sərin keçir. Temperatur artıq bir neçə gündür ki, çoxillik normadan 3-4 dərəcə aşağıdır. Ən minimal temperatur müsbət 8-10 dərəcə intervalında respublikanın dağlıq rayonlarında müşahidə edilir.

"Temperaturun bundan daha çox aşağı enəcəyi gözlənilmir. Dağlıq ərazilərdə ən aşağı temperatur müsbət 5-10 dərəcə təşkil edəcək. Bu, o deməkdir ki, Azərbaycanda Gürcüstanda müşahidə edilən hava şəraitinin təkrarlanması gözlənilmir", - Tağıyeva əlavə edib.

O, Azərbaycanın hələlik Rusiyanın qərbində olduğu kimi, isti hava kütlələrinin təsiri altında olacağının gözlənilmədiyini qeyd edib.

Tağıyeva bildirib ki, hazırda Rusiyanın qərbində isti hava kütlələri hökm sürür. Avropanın bir sıra ölkələrində də isti hava şəraiti müşahidə edilir.

"Amma Azərbaycanda fərqli vəziyyətdir. Nisbətən soyuq hava kütləsi hazırda Türkiyənin şərq bölgəsini, Cənubi Qafqazı, o cümlədən Azərbaycanı əhatə edir. İyulun 11-dək də ölkə ərazisi bu sərin hava kütlələrinin təsiri altında olacaq", - büro direktoru qeyd edib.

ETSN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal küləyi əsəcək.

Azərbaycanın rayonlarında iyulun 4-də şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır.

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti