...

“Royalbank” ASC-nin lisenziyasının ləğv edilməsinin səbəbləri açıqlanıb

Cəmiyyət Materials 13 İyul 2012 17:55 (UTC +04:00)
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə “Royalbank” ASC-nin lisenziyası ləğv edilməsinin səbəblərini açıqlayıb
“Royalbank” ASC-nin lisenziyasının ləğv edilməsinin səbəbləri açıqlanıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilməsinin səbəblərini açıqlayıb.

Trend-in Mərkəzi Bankın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu, 16.1.16-cı və 16.1.18-ci maddələri rəhbər tutularaq, "Royalbank" ASC-nin bank lisenziyası ləğv edilmişdir.

Mərkəzi Bankın İdarə Heyətinin adı çəkilən qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Müvəqqəti inzibatçı bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir (AZ1073, Bakı şəhəri, Hüseyn Cavid prospekti 5).
"Royalbank" ASC barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank məhkəmə orqanlarına bankın müflis elan edilməsi və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi barədə ərizə ilə müraciət edəcəkdir. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə əsasən iflas prosedurlarının başlanmasına dair ərizə Mərkəzi Bank tərəfindən verildikdən sonra bank barəsində dərhal moratorium qüvvəyə minmiş hesab olunacaq.

"Royalbank" ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Qanunvericiliyə əsasən "Royalbank" ASC-nin qorunan əmanətləri üzrə əmanətçilərə kompensasiyaların ödənilməsi prosedurlarına başlanılması üçün artıq Əmanətlərin Sığortalanması Fondunda lazımi tədbirlər görülür. Əmanətlər üzrə kompensasiyaların ödənilməsi barədə əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti