...

Azərbaycanla Gürcüstan arasında məhkumların öz ölkələrinə verilməsi müzakirə olunub

Cəmiyyət Materials 17 İyul 2012 13:48 (UTC +04:00)
Azərbaycanla Gürcüstan arasında məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün ölkələrinə verilməsi məsələsi müzakirə olunub.
Azərbaycanla Gürcüstan arasında məhkumların öz ölkələrinə verilməsi müzakirə olunub

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanla Gürcüstan arasında məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün ölkələrinə verilməsi məsələsi müzakirə olunub.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, bu gün Gürcüstanın Ədliyyə Nazirliyi Baş prokurorluğunun Xarici Əlaqələr İdarəsinin rəisi İrakli Dondoladze, Xarici İşlər Nazirliyi Konsul Xidməti Departamentinin rəis müavini Georgi Qriqalaşvili, Cəzaların İcrası Departamentinin rəisi Georgi Xocevanişvili və Bakıdakı Konsulu Mamuka Balavadzeni ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev qəbul edib.

Görüşün məqsədi iki ölkə arasında məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşları olduqları ölkəyə verilməsi sahəsində görüləcək işlər barədə müzakirələrin aparılması olub.

Quliyev Penitensiar Xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barəsində məlumat verib.

Qeyd olunub ki, Azərbaycanın penitensiar nüəssisələrində təqsirlərndirilən və ya məhkum olunmuş xarici ölkə vətəndaşlarından 200-ə qədəri Gürcüstan vətəndaşlarıdır. Hər iki ölkə Avropa və MDB çərçivəsində məhkum mübadiləsi ilə bağlı konvensiyalara qoşulub, eyni zamanda iki ölkə arasında 08.03.1996-cı il tarixli analoji müqavilə də mövcuddur.

Görüşdə bu hüquqi baza əsasında məhkum mübadiləsi sahəsində işlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb və ortaya çıxan problemlərin operativ müzakirəsi məqsədilə mütəmadi olaraq görüşlərin keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Nümayəndə heyəti tərəfindən Penitensiar tarix muzeyinə baxış keçirilib və Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan Gürcüstan vətəndaşları ilə görüşə şərait yaradılıb.

Görüşdə Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov, Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov və digər məsul əməkdaşlar iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti