...

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Ramil Səfərovun əfv edilməsi ilə bağlı toplantı keçirib (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2012 16:56 (UTC +04:00)
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfv edilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı ilə bağlı tədbir keçirilib.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Ramil Səfərovun əfv edilməsi ilə bağlı toplantı keçirib (FOTO)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfv edilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı ilə bağlı tədbir keçirilib.

İcmadan Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov avqustun 31-də Macarıstandan ekstradisiya olunaraq Azərbaycana gətirilən və Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan Ramil Səfərovun cəza çəkməkdən azad edilməsini çox təqdirəlayiq hal kimi qiymətləndirib.

Bakı Musiqi Akademiyasının rektoru, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli isə ilk dəfə Budapeştdə konsert verdiyi zaman Ramil Səfərovla görüşdüyünü və onun vətənpərvər, eləcə də çox səbirli bir gənc Azərbaycan zabiti olduğunu bildirib.

Bədəlbəyli Ramil Səfərova həqiqətən heyran olduğunu və onun o vəziyyətdə özünü aparmaq tərzindən danışaraq bildirib ki, o, neçə il öz üzərində çalışıb, macar dilini öyrənib, Macarıstanda passiv həyat tərzi yox, aktiv fəaliyyəti ilə seçilib.

"O zaman mənə dedi ki, həbsxanadan çıxacağına inanır. Bu gün o, azadlıqdadır", - Bədəlbəyli deyib.

Fərhad Bədəlbəyli buna görə Azərbaycanın dövlət başçısına təşəkkür edib və gələcəkdə Ramilin çox gözəl zabit kimi fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib. "Ramil öz batalyonu ilə Şuşada məni gözləyəcək", - o əlavə edib.

Millət vəkili, İcmanın İdarə Heyətinin üzvü Rövşən Rzayev dövlət başçısının daim Azərbaycan Ordusuna diqqət və qayğısından danışaraq Ramil Səfərovun əfv olunmasını bunun ən bariz nümünəsi kimi dəyərləndirib.

Millət vəkili, İcmanın İdarə Heyətinin üzvü Elman Məmmədov çıxışında qeyd edib ki, Ramil onun xalqına bu cür zülm edən, Xocalı faciəsini törədən adamla yanaşı qalmağa dözə bilmədi. O, cinayətkar deyil. Sadəcə, Azərbaycan bayrağının təhqir edilməsinə dözə bilmədi.

Macarıstandan ekstradisiya olunaraq Azərbaycana gətirilən və Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan Ramil Səfərovun cəza çəkməkdən azad edilməsini millət vəkili Ceyhun Osmanlı Ali Baş Komandanın Azərbaycan Ordusuna diqqətinin ən bariz nümünəsi, eləcə də Azərbaycan gəncliyinə bir örnək olduğunu diqqətə çatdırıb.

Yekun söz olaraq Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov Ali Baş Komandan İlham Əliyevin bu addımını xalqın ürək səsinə bir cavab kimi çox yüksək qiymətləndirdiyini söyləyib. Qeyd edib ki, Azərbaycana dəyərli olan heç kim və heç nə unudulmur və Prezident bunu bir daha sübut etdi. Bu gün Ermənistan dövlətinin destruktiv siyasətini və erməni lobbisinin provokativ fəaliyyətinin iflasa uğradığını qeyd edən Orxan Əkbərov, Azərbaycanın informasiya müharibəsində ciddi şəkildə üstün olduğunu da nəzərə çatdırıb.

Azərbaycan Prezidentinin Ramil Səfərovun əfv olunmasını haqqında sərəncamını yüksək dəyərləndirən Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov sərəncamın tarixi bir sənəd olduğunu vurğulayaraq qeyd edib ki, bu hadisə xalqımızda vətənpərvərlik ruhunun yüksəlməsinə gətirib çıxaracaq.

Digər çıxış edənlər də Ramil Səfərovun ekstradisiyası və Prezidentin əfv sərəncamınının əhəmiyyətindən danışaraq Ramil Səfərovun azad olunması və öz evinə, ailəsinə qovuşmasının çox əhəmiyyətli hadisə olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti