...

Azərbaycanda yeni körpünün tikintisinin təxminən 50 faizi yerinə yetirilib (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2012 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

Salyan rayonunun Çuxanlı kəndi ərazisində Kür çayı üzərində yeni körpünün tikintisi üzrə layihə çərçivəsində tikinti işlərinin 48 faizi yerinə yetirilib.

"Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, layihənin 2013-cü ilin iyul ayının sonunda başa çatdırılması planlaşdırılır.

Ələt-Astara avtomobil yolunun 54+410-cu km-dən başlayan körpünün tikintisi 55+800-cü km-də başa çatacaq. 2 gediş-2 gəliş üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 362.92 metr, yanaşma yolları 1037.08 metr, qabariti isə 24.5 metr təşkil edəcək.

6 dayaqlı körpünün aşırımlarından 4-ü kəsilməz tir sistemli, 1-i isə kəsilən tağıvari fermalı, sonradan gərginləşdirilmiş dəmir-beton tirlərdən ibarət olacaq.

Artıq layihə üzrə bütün dayaqlarla yanaşı, 3 ədəd dairəvi, 1 ədəd düzbucaqlı boru, 1 ədəd heyvan keçidi və eni 9 metr, hündürlüyü 5 metr olan tunelin tikintisi başa çatdırılıb.

Hazırda uzunluğu 151.08 metr olan ən böyük aşırım qurğusunda estakadalar qurulub, digərlərinin isə tikintisinə hazırlıq gedir.

Xəbər lenti

Xəbər lenti