...

Azərbaycanda məişət tullantılarının zibil qablarından kənar yerlərə atılması qadağan edildi

Cəmiyyət Materials 13 Sentyabr 2012 11:47 (UTC +04:00)
Azərbaycanda zərərsizləşdirmək məqsədilə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağan edilib.
Azərbaycanda məişət tullantılarının zibil qablarından kənar yerlərə atılması qadağan edildi

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda zərərsizləşdirmək məqsədilə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağan edilib.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu məsələ "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları"na edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Bu dəyişikliklərə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları yalnız tutumlara atılmalıdır.

Bununla yanaşı, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların ara məsafəsi 100 metrdən çox olmamalıdır.

Qeyd edək ki, iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə fərman imzalayıb.

Yeni əlavə və dəyişikliklər məişət tullantılarının kənar yerlərə atılması və piyadalar tərəfindən bəzi yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi ilə bağlıdır.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq.

Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaq.

Xəbər lenti

Xəbər lenti