...

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimov adına liseydə Bilik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2012 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bu gün Biləsuvar şəhərində Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan liseydə Bilik Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Tədbirdən əvvəl Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və digər tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər. Bundan sonra liseyin həyətində ucaldılmış Milli Qəhraman Mübariz İbrahimovun abidəsi önünə gül dəstələri qoyulub.

Mərasimin açılışında çıxış edən Alim Quliyev Prezident İlham Əliyevin təhsilin inkişafına həmişə böyük önəm verdiyini vurğulayaraq regionlarda, o cümlədən Biləsuvarda təhsil potensialının artmasının ölkə başçısının təhsilə olan qayğısının bariz nümunəsi olduğunu bildirib. "Bu qayğının nəticəsi isə yalnız yüksək təhsil olmalıdır", - o qeyd edib.

Quliyev yeni dərs ilinin başlanması və Biləsuvar liseyinin ilk məzunlarının ali təhsil məktəblərinə qəbul zamanı yüksək nəticələr göstərməsi münasibətilə bütün kollektivi təbrik edib, şagirdlərin bundan sonra da daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini bildirib.

Eyni zamanda, tədbirdə iştirak edən millət vəkilləri Hadı Rəcəbli, Xanhüseyn Kazımlı, Fəzail İbrahimli, rayon icra başçısı Mahir Quliyev, habelə elm xadimləri liseyin şagirdləri və pedaqoji kollektivini Bilik Günü münasibətilə təbrik edib, onlara yeni tədris ilində əzmkarlıqla çalışıb daha böyük nailliyətlər əldə etməyi arzulayıblar.

Tədbir Bilik Gününə həsr olunmuş səhnəciklər, şeirlər və mahnılardan ibarət bədii proqramla yekunlaşıb. Sonra tədbirdə iştirak edən qonaqlar müxtəlif elm sahələri üzrə şagirdlər tərəfindən hazırlanmış təqdimatlarla və liseyin dəhlizində asılmış stendlərlə, o cümlədən sinif otaqlarında, fənn kabinetlərində, kitabxanada, yeməkxanada və idman zalında yaradılmış şəraitlə tanış olublar.

Sonda liseyin həyətində Bilik Gününə həsr olnmuş uşaqların şahmat turnirinə baxış keçirilib.

Xəbər lenti

Xəbər lenti