Azərbaycan, Bakı, 4 oktyabr /Trend/
Gənclər və İdman Nazirliyi tərəfindən 1 oktyabr 2012-ci il tarixindən 10 yanvar 2013-cü il tarixinə kimi Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin "Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsi üçün 2012-2013-cü illərdə" tədbirlər planına uyğun olaraq "İdeya var!" Tələbələrin Beynəlxalq Elmi Yaradıcılıq Festivalı keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalın keçiriməsində əsas məqsəd tələbələrin yaradıcılıq potensiallarının reallaşdırılmasına şərait yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili, MDB ölkələri gənclərinin arasında dostluq əlaqələrinin inkişafını dəstəkləməkdir.
Festivalda MDB ölkələrinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı nəzərdə tutulub. Tələbələr festivalda iştirak etmək üçün öz təklif və ideyalarını layihə formasında 20 dekabr 2012-ci il tarixinədək Gənclər və İdman Nazirliyinə təqdim etməlidirlər.
Festival çərçivəsində 8 nominasiya üzrə müsabiqə keçiriləcək. Hər nominasiya üzrə 1, 2 və 3-cü yerlərə layiq görülən işlərin müəllifləri müvafiq olaraq 2000, 1500 və 1000 avro məbləğində mükafat alacaqlar. Festivala qatılan hər iştirakçıya İştirak haqqında Sertifikat təqdim olunacaq.
Layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılacaq. Festivala göndərilən bütün layihələr festivalın İnternet səhifəsində (www.haveidea.az) yerləşdiriləcək. Münsiflər heyəti tərəfindən ən yüksək qiymət alan 3 layihə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılacaq.
"İdeya var!" Tələbələrin Beynəlxalq Elmi Yaradıcılıq Festivalının qaliblərinin mükafatlandırılması 2013-cü ilin əvvəlində Bakıda keçiriləcək.