...

Azərbaycanda avtomobillərin texniki baxışı dövlət inhisarından çıxarılsınmı?

Cəmiyyət Materials 23 Oktyabr 2012 10:15 (UTC +04:00)
Bir qrup qeyri-hökumət təşkilatı avtomobillərə texniki baxış sisteminin təşkili və idarəolunmasının dövlət inhisarından çıxarılması və bu sahənin özəl şirkətlərə (avtomobil istehsal edən şirkətlərin xüsusi sertifikatlarına malik olan) və avtomobillərə xidmət üzrə ixtisaslaşmış dilerlərə etibar edilməsi təklifi ilə çıxış edib.
Azərbaycanda avtomobillərin texniki baxışı dövlət inhisarından çıxarılsınmı?

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bir qrup qeyri-hökumət təşkilatı avtomobillərə texniki baxış sisteminin təşkili və idarəolunmasının dövlət inhisarından çıxarılması və bu sahənin özəl şirkətlərə (avtomobil istehsal edən şirkətlərin xüsusi sertifikatlarına malik olan) və avtomobillərə xidmət üzrə ixtisaslaşmış dilerlərə etibar edilməsi təklifi ilə çıxış edib.

Onlar təzə abtomobillərin 3 il ərzində texniki baxışdan azad edilməsinin tərəfdarıdırlar.

Lakin qeyd olunan təkliflərə yanaşma birmənalı deyil.

Avtomobil sahəsində ekspert İlham Məsiyev Trend-ə müsahibəsində texniki baxış sisteminin təşkili və idarəolunmasının dövlət inhisarından çıxarılması və bu sahənin özəl şirkətlərə və avtomobillərə xidmət üzrə ixtisaslaşmış dilerlərə verilməsini hazırkı dövr üçün mükünsüz hesab edir.

Onun sözlərinə görə, özəl şirkətlər lazımi texniki avadanlıqlarla təchiz olunmalarına baxmayaraq, onların bu baxışı xətt üzrə və kütləvi şəkildə həyata keçirmək imkanları məhduddur.

"Sovet dönəmində avtobazalarda "TO" xəttləri vardı. Avtomobilin bütün sistemi həmin xəttdə ardıcıl olaraq yoxlanılırdı və maşın texniki baxışdan keçirdi. Hazırkı avtomobil şirkətlərində və dillerlərdə belə imkanlar yoxdur", - Məsiyev deyib.

Ekspert hesab edir ki, texniki baxış qeyd olunan şirkətlərə və dillerlə verilərsə, onlar avtomobilləri vaxtında texniki baxışdan keçirmək imkanına malik olmayacaq və bu da sürücülər arasında böyük narazılıqlara səbəb olacaq.

Belə ki, avtomobil şirkətləri və dilerlərinin daimi müştəriləri var və cari təmirləri həyata keçirirlər.

"Texniki baxışdan keçmək üçün əvvəldən vaxt təyin olunmalıdır. Çünki həmin şirkət öz zəmanətində olan avtomobilin təmirini dayandırıb digər avtomobilin texniki müayinəsini aparmayacaq", - Məsiyev deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 1 milyon 100 min avtomobil var. Elə avtomobil modelləri var ki, onların Azərbaycanda ümumiyyətlə rəsmi nümayəndəliyi yoxdur.

"Bəs bu avtomobillərin texniki baxışı harada və necə keçiriləcək? İl ərzində 250 iş günü olmasını nəzərə alsaq, ölkədəki bütün avtomobillərin texniki baxışdan keçməsi üçün hər günə 4400 avtomobil düşür. Bakıda və iri şəhərlərdəki avtomobil dilerlərinin gün ərzində 4400 avtomobilə xidmət etmək imkanı mövcud zaman üçün reallıqdan çox uzaqdır", - Məsiyev deyib.

Ekspertin qənaətinə görə, avtomobil şirkətlərinin, dilerlərin böyük məbləğdə sərmayə yatırıb yalnız bu məqsədlə regionlarda bir neçə belə mərkəzləri yaratması da inandırıcı deyil və biznes baxımından risklidir.

"Gələcəkdə bu sistem özünü doğrultmasa, bu sahə yenidən dövlət nəzarətinə verilərsə, həmin şirkətin çəkdiyi xərcləri kim ödəyəcək? Həmçinin bu sahəyə böyük məbləğdə maliyyə xərcləyən şirkət texniki baxış üçün tələb olunan rüsumun da məbləğini artıracaq. Məsələn, bu gün bütün marka və model avtomobillərin baxışdan keçirilməsi üçün sürücülər 10 manat dövlət rüsümu ödəyirlərsə, özəl şirkətlərin bu qədər sərmayə qoymasından sonra bu məbləğin artması qaçılmazdır. Bu da sürücülərdə digər narazılığa səbəb olacaq", - Məsiyev bildirib.

Təzə alınan avtomobillərin müəyyən müddətlərdə texniki baxışdan azad olunmasının tərəfdarı olan ekspert hesab edir ki, istehsalçı zavodun qoyduğu zəmanət müddətində avtomobil texniki baxışdan azad edilməlidir.

"Zəmanət müddətində avtomobil sahibi mütəmadi olaraq servisə gəlir və avtomobili yoxlatdırır. Bu zaman həmin avtomobildə hansısa problem olsa belə, dərhal aradan qaldırıldığı üçün həmin avtomobilin texniki baxışdan keçirilməsinə ehtiyac qalmır", - o deyib.

Ekspertin fikrincə, texniki baxış prosesinin hansısa başqa quruma verilməsi heç nəyi dəyişdirməyəcək.

"İnsan faktoru varsa, servislərdə də bu problemlər mümkündür. Məncə, neqativ halları aradan qaldırmaq üçün sistemdəki problemləri həll etmək lazımdır. Məsələn, növbəlilik yaranmasın deyə texniki baxış üçün əvvəlcədən vaxt müəyyənləşdirilə, ödənişlərin həyat keçirilməsi isə internet vasitəsilə aparıla bilər. Bunları həyata keçirməklə bu sahədəki problemlərin həlli daha asan başa gələr, nəinki yeni bir sistemin yaradılması", - o deyib.

Məsiyev hesab edir ki, bütün avtomobil sahibləri avtomobillərini istesalçının müəyyən etdiyi vaxtda müayinədən keçirməli, vaxtlı-vaxtında nasaz ehtiyat hissələrini dəyişməlidirlər.

"İnkişaf etmiş bir çox xarici dövlətlərdə vətəndaşlar bu məsələyə düşünülmüş şəkildə yanaşırlar. Onlar avtomobillərini nasaz vəziyyətə düşməsini gözləmədən vaxtında servislərə müraciət edərək mütəmadi texniki müayinədən keçirir. Hətta müayinə zamanı nasazlıq müəyyən olunmuş mexaniki hissələrin dəyişdirilməsi avtomobil sahiblərindən soruşulmadan belə edilir ki, bu da yollarda təhlükəsizliyin təmin olunmasına birbaşa müsbət təsir edir. Təəssüf ki, bizdə məsələyə bu cür yanaşan sürücülərin sayı olduqca azdır. Bizim sürücülərimizin yanaşması da Avropa ölkələrindəki kimi olarsa, onda bəlkə illik texniki baxışın keçirilməsinə zərurət yaranmaz", - ekspert vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti