...

Çingiz Qənizadə: Azərbaycanda yol hərəkəti qaydalarının pozuntularına görə cərimələrin artırılması labüddür

Cəmiyyət Materials 29 Oktyabr 2012 12:08 (UTC +04:00)
Millət vəkili piyadalar və sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozuntularına görə cərimələrin artırılmasını labüd sayır.
Çingiz Qənizadə: Azərbaycanda yol hərəkəti qaydalarının pozuntularına görə cərimələrin artırılması labüddür

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentinin deputatı piyadalar və sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozuntularına görə cərimələrin artırılmasını labüd sayır.

Deputat Çingiz Qənizadə Trend-ə bildirib ki, indiyədək inzibati qanunvericilikdə bu qayda pozuntularına görə nəzərdə tutulan cərimələrin məbləği bir neçə dəfə artırılsa da, səmərəli nəticələr verməyib.

Onun sözlərinə görə, son vaxtlar ölkədə piyadaların vurulması hallarının sayının artması aktual problemə çevrilib. Millət vəkili piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozuntusunun kütləvi hal almasını bir neçə səbəblə əlaqələndirib.

Qənizadə bir səbəb kimi, yol hərəkəti iştirakçılarının yol mədəniyyətlərinin olmamasını və qanunlara hörmətsizliyi qeyd edir.

Milət vəkili hesab edir ki, bəzi hallarda yeraltı və yerüstü piyada keçidləri düzgün yerlərdə qoyulmur və bu hal piyadaları yol hərəkət qaydalarını pozmağa məcbur edir.

"Keçidlər elə yerlərdə qoyulur ki, insanlar bəzən qaydanı pozmağa məcbur olurlar. Yollarda yerüstü piyada keçidlərinin sayı artırılmalıdır. Paytaxtda plansız tikintilər də qaydaları pozmağa məcbur edir. Aeroport şosesi, Sumqayıt yolunda piyadalar sürətlə gedən avtomobillərin qarşısından qaçaraq keçirlər. Burada da problemlər var. Bu yollarda yeraltı keçidlərin qoyulması yaxşı olardı. Qoyulan keçidlər də tələm-tələsik tikilib, məsafənin çoxluğu nəzərə alınmayıb. Keçidlər inşa olunarkən məsafə mütləq nəzərə alınmalıdır. Keçidlər bəzən elə məsafədə qoyulur ki, qız-gəlinlər, yaşlılar həmin keçiddən keçmək üçün 1 km gedib, yenidən həmin yolu geri qayıtmalı olurlar", - Qənizadə deyib.

Xatırladaq ki, bir müddət öncə İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra piyadalar üçün nəzərdə tutulan cərimələr 10 manatdan 20 manata qədər, sürücülər üçün bir çox qayda pozuntularına görə cərimələr isə bir neçə dəfə artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti