...

Dövlət Sosial Müdafiə Fondunun sədri real əməkhaqlarının gizlədilməsindən şikayətlənib

Cəmiyyət Materials 15 Noyabr 2012 14:45 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Milli Məclisdə Fondun 2013-cü il üçün nəzərdə tutulan büdcə layihəsi barədə çıxış edib.
Dövlət Sosial Müdafiə Fondunun sədri real əməkhaqlarının gizlədilməsindən şikayətlənib

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir M.Əliyev/

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Milli Məclisdə Fondun 2013-cü il üçün nəzərdə tutulan büdcə layihəsi barədə çıxış edib.

Trend-in məlumatına görə, Səlim Müslümov çıxışında bildirib ki, tərtib olunan cədvəllərdə əməkhaqları real əməkhaqlarından iki dəfədən çox aşağı göstərilir.

"Azərbaycanda məşğul əhalinin yalnız 31,7 faizi müqavilələr əsasında muzdla işləyənlərdir. Bütün bunlar onu göstərir ki, iqtisadiyyatda böyük iş yerlərinin açılmasına baxmayaraq, iş yerləri qeydiyyatdan gizlədilir", - Fond sədri deyib.

Müslümov qeyd edib ki, Fond iqtisadiyyatın sahələrinə uyğun olaraq minimum əməkhaqqı, normalar müəyyənləşdirəcək.

Onun sözlərinə görə, gələn il inflyasiya 5,7 faiz səviyyəsində proqnozlaşdırılır. Fond sədri bildirib ki, gələn il də pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 59 yaş götürülüb.

"Məcburi sosial sığorta haqları sahəsində isə dəyişiklik yoxdur. İşə götürənlər üçün bu, 22 faiz, işləyənlər üçün isə 3 faizdir. Gələn il 1 milyon 239 min nəfərin pensiya alacağı, 50 min nəfərin bu sistemi tərk edəcəyi proqnozlaşdırılır. Ailə başçısını itirməyə görə müavinətin həcmi gələn il 128 manat olacaq", - Müslümov deyib.

O qeyd edib ki, gələn ilə dəfn xərcləri üçün 20 milyon manat ayrılıb.

Fond sədri qeyd edib ki, sanatoriya-kurort xərcləri keçən illə müqayisədə artırılıb və 17 milyon manata çatdırılıb.

Müslümov vurğulayıb ki, DSMF-nin gəlirlərindəki artımda məcburi dövlət sığorta haqlarının yığılması hesabına artım əsas yer tutur.

"Gələn il pensiyalar 9,1 faiz artaraq 163 manata çatacaq. İlk dəfə pensyia məbləği 200 dolların üzərinə qalxacaq", - DSMF sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti