Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.İsmayılov/
Nəqliyyat Nazirliyi Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi və sərnişindaşımanın keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 11 marşrutu bağlayıb. Bu barədə cümə günü Trend-ə NN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, hazırda Bakıda 184 marşrut xətti var. Habelə ictimai nəqliyyatda sərnişin daşınmasının keyfiyyətinin yaxşılaşdırılması üzrə aparılan işlər çərçivəsində sərnişindaşıma xidmətləri göstərən şirkətlərin sayı azaldılıb.
"Onların sayı 210-dan 68-dək azaldılıb", - Həsənov qeyd edib.
Nazirlik sözçüsü bildirib ki, paytaxtın mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava Limanına sərnişinlərin daşınmasını təmin etmək üçün 116 saylı marşrut yenidən bərpa ediləcək. Avtobus hər yarım saatdan bir aeroporta "28 May" metrostansiyasından yola düşəcək.
Onun sözlərinə görə, avtobus sürücüləri tərəfindən hərəkət, təhlükəsizlik qaydalarının pozulması halları ilə mübarizə məqsədilə NN mütəmadi olaraq reydlər və yoxlamalar aparır.
"Qaydaları pozanlara qarşı müxtəlif, o cümlədən marşrutdan kənarlaşdırma kimi müxtəlif tədbirlər tətbiq qedilir", - Həsənov qeyd edib.