...

Ekologiya Nazirliyi: Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı heç bir razılaşma yoxdur

Cəmiyyət Materials 20 Noyabr 2012 13:43 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev İranın Urmiya gölünün qurumasının qarşısını almaq üçün Araz çayının suyunun həmin gölə axıdılması ilə bağlı istəyinə münasibət bildirərkən deyib.
Ekologiya Nazirliyi: Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı heç bir razılaşma yoxdur

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı hələlik tərəflər arasında heç bir razılaşma yoxdur.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev İranın Urmiya gölünün qurumasının qarşısını almaq üçün Araz çayının suyunun həmin gölə axıdılması ilə bağlı istəyinə münasibət bildirərkən jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycan suya ehtiyacı olan ölkələrdəndir. Bu məsələdə də Azərbaycan öz dövlət maraqlarına uyğun olaraq çıxış edəcək.

Nazir müavini məsələ ilə bağlı yekun qərarın qəbul ediləcəyini də söyləyib.

"Azərbaycan ekoloji sahədə bir çox beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan həmin konvensiyaların tələblərindən irəli gələrək məsələyə yanaşır. Həm də burada siyasi məsələlər olduğuna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq, öz təkliflərimizi Xarici İşlər Nazirliyinə vermişik. Təbii ki, yekun bir qərar qəbul edildikdən sonra bu məsələyə qayıtmaq olar", - Əliyev əlavə edib.

Qeyd edək ki, İran Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfədanın sözlərinə görə, Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə müzakirələr aparılacaq.

O, Azərbaycanın İranın Araz çayındakı su payının iri həcminin Urmiya gölünə axıdılması məsələsində razılığa gələcəyinə ümid etdiyini də açıqlayıb.

Xatırladaq ki, İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur.

Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti