...

Azərbaycanda Gənclər və İdman Nazirliyinin keçirdiyi qrant müsabiqələrində gənclər təşkilatlarının 120 layihəsi maliyyələşib (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2012 12:54 (UTC +04:00)
Bu il Azərbaycanda Gənclər və İdman Nazirliyinin keçirdiyi qrant müsabiqələrində gənclər təşkilatlarının 120 layihəsi maliyyələşib.
Azərbaycanda Gənclər və İdman Nazirliyinin keçirdiyi qrant müsabiqələrində gənclər təşkilatlarının 120 layihəsi maliyyələşib  (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Azərbaycanda Gənclər və İdman Nazirliyinin keçirdiyi qrant müsabiqələrində gənclər təşkilatlarının 120 layihəsi maliyyələşib. Bunu Nazirliyin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev bu gün Trend Beynəlxalq İnformasiya Agentliyində 1-ci Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyim sərgisi və Gənclər təşkilatlarının 4-cü respublika sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, həmin layihələrin maliyyələşdirilməsinə 3 milyon manat vəsait ayrılıb.

Sektor müdiri qeyd edib ki, Gənclər Fondu tərəfindən isə bu il gənclər təşkilatlarının 170-dən artıq layihəsi maliyyələşdirilib.

Azərbaycanda gənclərin 5-7 faizinin gənclər təşkilatlarında cəmləşdiyini Babayev bildirib ki, maliyyələşən layihələr gənclərin sağlamlıqları, hüquqları, internat evlərindən çıxmış gənclərin sonrakı həyatı, yaradıcı gənclərə dəstək, karyera və məşğulluq, beynəlxalq əlaqələr və digər istiqamətləri əhatə edir.

Xatırladaq ki, noyabrın 28-də Bakıda Gənclər təşkilatlarının IV Respublika sərgisinin açılışı olacaq. Sərgi noyabrın 30-dək davam edəcək.

Sərgi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Gəncləri 2011-2015" Dövlət proqramı çərçivəsində keçirilir.

Sərgidə gənclərin müxtəlif sosial qruplarının nümayəndələrini birləşdirən 76 gənclər təşkilatı iştirak edəcək. Onların fəaliyyət diapazonu kifayət qədər geniş və müxtəlif olmaqla təhsil sahəsi, idman-bədən tərbiyəsi, gənclər və yeniyetmələrin məşğulluğu və bir çox başqa sahələri ehtiva edir. Sərginin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarının fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihə və tədbirlər haqqında ictimaiyyətə məlumat vermək və gəncləri ictimai fəaliyyətə cəlb etməkdir.

Bu təşkilatların demək olar ki, hamısı sərginin qonaqlarını artıq fəaliyyət göstərən layihələrlə yanaşı, planlaşdırılan layihələrlə də tanış edəcəklər. Həyata keçirilmiş layihələrin sırasında istedadlı tələbələrin üzə çıxarılması məqsədi ilə keçirilən "Univision" tələbə mahnı müsabiqəsi və "Yay Universiteti" düşərgəsi, 3-cü Gənclər festivalı çərçivəsində keçirilmiş "Nə? Harada? Nə vaxt?" intellektual müsabiqəsi, rejissorluq sahəsində peşəkar gənclərin hazırlığı üzrə layihə və s. var.

Gənclər təşkilatlarının IV Respublika sərgisində iştirak etməklə, təşkilatlar özlərini təqdim etmək, öz nailiyyət və imkanlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək, həmçinin fəaliyyətlərinin sonrakı inkişafı üçün ticarət strukturları və iri şirkətlərin timsalında dəstək tapmaq kimi gözəl şans əldə edəcəklər. Sərginin işini seminarlar və iştirakçı şirkətlərin təqdimat mərasimlərini ehtiva edən işgüzar proqram müşayiət edəcək. Həmçinin, sərginin iştirakçıları və ziyarətçiləri üçün mədəni proqram və müxtəlif intellektual tədbirlər planlaşdırılıb.

Gənclər təşkilatlarının sərgisi 1-ci Azərbaycan Beynəlxalq idman, idman ləvazimatları və geyimi ("SportExpo Azerbaijan-2012") sərgisi ilə bir meydançada keçiriləcək. Bu debüt tədbir idman sənayesinin 50-dən çox dövlət və özəl təşkilatını, həmçinin Azərbaycanın idman federasiyaları və klublarını öz meydançasında toplayacaq və iştirakçılara öz məhsul və xidmətlərini (idman geyimləri, idman və aktiv istirahət üçün aksessuarlar, idman avadanlıqları və inventarlar) təqdim etmək üçün gözəl imkan yaradacaq. Beləliklə, bir sərgi meydançasında eyni zamanda gənclər və idman təşkilatlarının nailiyyətləri təqdim olunacaq.

"SportExpo 2012" sərgisində 50-dən çox eksponentin iştirak edəcəyi planlaşdırılır. Eksponentlər arasında idman və idman sənayesi sahəsində fəaliyyət göstərən özəl və dövlət sektorlarının nümayəndələri, həmçinin idman malları və xidmətlərinin yerli və xarici istehsalçıları, ictimai təşkilatlar, idman federasiyaları və klublar olacaq. Sərginin iştirakçıları ziyarətçilərə idman avadanlıqları və ləvazimatları sahəsində ən son yenilikləri, habelə peşəkar idmançılar, eləcə də idmanı və aktiv həyat tərzini sevən insanlar üçün idman malları və idman geyimlərini nümayiş etdirəcəklər. İdman federasiyaları sərgi meydançasından istifadə edərək, əhalini idmançıların nailiyyətləri və idman sahəsində uğur qazanmağa çalışan gənclər üçün geniş imkanlar, o cümlədən federasiyaların fəaliyyətləri və onların Azərbaycanda idmanın inkişafına verdikləri töhfələrlə yaxından tanış edəcəklər.

"SportExpo 2012" sərgisi Azərbaycanda idmanın inkişafına qayğı göstərən şirkətlərin və kommersiya təşkilatlarının federasiyalar və idman klublarının fəaliyyətləri ilə yaxından tanış olmalarına şərait yaradacaq ki, bu da ölkənin gəncləri arasında onların aktiv fəaliyyətini qoruyub saxlamağa, həmçinin Azərbaycanın aparıcı komandaları və idman cəmiyyətləri ilə tərəfdaşlıq və əməkdaşlıq üçün bütün variantları nəzərdən keçirməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti