...

Bakıda Beynəlxalq Əlillər Günü münasibətilə xeyriyyə tədbiri keçirilib

Cəmiyyət Materials 6 Dekabr 2012 12:40 (UTC +04:00)
Beynəlxalq Əlillər Günü münasibətilə cümə axşamı Bakıda "Sən tək deyilsən" adlı xeyriyyə tədbiri keçirilib.
Bakıda Beynəlxalq Əlillər Günü münasibətilə xeyriyyə tədbiri keçirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Əlillər Günü münasibətilə cümə axşamı Bakıda "Sən tək deyilsən" adlı xeyriyyə tədbiri keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim tədbirdə bildirib ki, dünyada yaşayan əlillərin dərdlərini, hisslərini bölüşmək hər kəsin vətəndaşlıq borcudur.

"Bəzi insanlar fiziki cəhətdən qüsurlu ola bilir, bəlkə də bu, Tanrının sınağıdır. Amma əsas olan odur ki, həmin şəxslər ruhi cəhətdən sınmasınlar. Və bunun üçün onlara daimi qayğı və dəstək lazımdır", - o deyib. Fondun prezidenti vurğulayıb ki, bəzi fiziki qüsurlu insanların həyatda apardığı mübarizə tam sağlam insanların mübarizəsindən qat-qat artıq olur.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin nümayəndəsi Rasim Mirzəyev tədbirdə çıxışında deyib ki, Azərbaycan dövləti əlilliyi olan insanlara xüsusi qayğı göstərir. O, eyni zamanda, bu işdə səylərin birləşdirilməsinin əhəmiyyətindən danışıb.

"İstənilən məsələlərdə bizim gücümüz birliyimizdədir. Şəxsi maraqların ümumi maraqlarla uzlaşdırılması vacibdir", - o deyib.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, ilin hər bir günü əlillərə diqqət və qayğı göstərilməlidir. "Azərbaycanda əlillərə cəmiyyətin münasibəti dəyişməlidir. Hər kəs özünün nə vaxtsa yaşaya biləcəyi bir hal kimi əlilə münasibət göstərməlidir. Əsas olan insana göstərilən dəyər, münasibətdir", - o bildirib.

Tədbirin sonunda fiziki qüsurlu insanlara əlil arabaları və digər lazımi ləvazimatlar paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti