...

İnam Kərimov: Vətəndaşlar Azərbaycanın hansı rayonunda qeydiyyatda olmasına baxmayaraq, istənilən "ASAN xidmət"ə müraciət edə biləcəklər

Cəmiyyət Materials 14 Yanvar 2013 17:37 (UTC +04:00)
"ASAN xidmət" şəbəkəsi tam fəaliyyət göstərəndən sonra vətəndaşlarımız Azərbaycanın hansı rayonunda qeydiyyatda olmasından asılı olmayaraq, istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə biləcəklər.
İnam Kərimov: Vətəndaşlar Azərbaycanın hansı rayonunda qeydiyyatda olmasına baxmayaraq, istənilən "ASAN xidmət"ə müraciət edə biləcəklər

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

"ASAN xidmət" şəbəkəsi tam fəaliyyət göstərəndən sonra vətəndaşlarımız Azərbaycanın hansı rayonunda qeydiyyatda olmasından asılı olmayaraq, istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə biləcəklər. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistərə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəisi İnam Kərimov deyib.

Kərimov bildirib ki, o cümlədən Bakı şəhərində yaşayan vətəndaşlarımız da regionlarda yerləşən mərkəzlərə müraciət edə biləcəklər.

"Ancaq pilot layihə çərçivəsində xidmətimizi yalnız Nəsimi və Nərimanov rayon sakinlərinə göstərəcəyik. İyun ayının əvvəllərinə qədər isə "ASAN xidmət" mərkəzləri Bakı şəhərinin bütün ərazisini əhatə edəcək", - Kərimov deyib.

Onun sözlərinə görə, bütün şəbəkənin təxminən 2 ilə qurulması planlaşdırılır.

Bakı şəhəri üzrə "ASAN xidmət"in 3 və ya 4 mərkəzinin olması nəzərdə tutulur.

Agentliyin rəhbəri bildirib ki, "ASAN xidmət" mərkəzlərinin iş prinsipləri şəffaflığın, rahatlığın və operativliyin təmin edilməsi, o cümlədən bunların təmin edilməsi üçün iş şəraitinin yaradılmasıdır.

Kərimov deyib ki, bu ildən etibarən dövlət investisiya proqramı çərçivəsində yeni "ASAN xidmət" mərkəzlərinin binalarının tikilməsinə başlanılacaq.

Artıq gələn ildən bütün şərtlərə cavab verən binalar istifadəyə verilməyə başlanılacaq.

Kərimov qeyd edib ki, xarici ölkə vətəndaşları da "ASAN xidmət" mərkəzlərinin bəzi xidmətlərindən yararlana biləcəklər. Onlar Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə ala və immiqrant statusunu burada əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti