Azərbaycan, Bakı, 19 yanvar /Trend/
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin "20 Yanvar faciəsinin 23-cü ildönümünün keçirilməsinə dair Tədbirlər Planı"nının təsdiq edilməsi haqqında" 19 dekabr 2012-ci il tarixli, 119 nömrəli sərəncamının icrası ilə bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "20 Yanvar Fondu" və "20 Yanvar" Cəmiyyətinin iştirakı ilə müvafiq tədbirlər həyata keçirilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirlər çərçivəsində yanvarın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri ilə görüş keçirilib. Görüşdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı zamanı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Qeyd olunub ki, faciənin sabahısı günü, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, həmvətənlərimiz və xarici KİV-lər qarşısında sovet rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı aksiyanı pisləyən bəyanatla çıxış edib.
Ulu öndərimizin 1993-cü ildə respublikamıza rəhbərliyə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməklə, bu faciə zamanı şəhid olmuş insanların ailələrinin və əlil olmuş insanların sosial müdafiəsi daim gücləndirilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə "20 Yanvar şəhidi" fəxri adı almış şəxslərin ailə üzvlərinə ayda 300 manat məbləğində, həmçinin 19 yanvar 2011-ci il tarixli, 370 №-li Fərmanla 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (I qrup əlillər üçün 150 manat, II qrup əlillər üçün 130 manat, III qrup əlillər üçün 100 manat) təsis olunub.
Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxtadək 51 nəfər şəhid ailəsi və 20 Yanvar əlili mənzillə, 52 nəfər əlil isə avtomaşınla təmin edilib. Təkcə son üç ildə 37 nəfər 20 Yanvar əlilinin ölkənin ayrı-ayrı istirahət zonalarında istirahəti təşkil olunub. İstedadlı əlillərin yaradıcılıq nümunələrinin təqdim olunduğu sərgi və baxış müsabiqələrdə, habelə idman yarışlarında 20 Yanvar əlillərinin də iştirakı təmin edilir. Onların dövlət hesabına bərpa-müalicəsi təşkil edilir, sosial-məişət problemlərinin həllinə müvafiq köməkliklər göstərilir.
Qeyd edək ki, nazirlik tərəfindən 118 nəfər 20 Yanvar şəhidinin ailəsinin və 318 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardımlar verilib.