...

ATGTİ: "Qış Parlamenti" gənclərin dövlət quruculuğu sahəsində maariflənməsinə dəstək olacaq

Cəmiyyət Materials 9 Fevral 2013 12:34 (UTC +04:00)
ATGTİ gələcək üçün yeni ideyalar bazası yaradır. Bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Tələbə Gənclər Təşkilatları ilə (TGT-lərlə) İş departamentinin direktoru Şəmsi Gülverdi deyib.
ATGTİ: "Qış Parlamenti" gənclərin dövlət quruculuğu sahəsində maariflənməsinə dəstək olacaq

Azərbaycan, Bakı, 9 fevral /Trend/

ATGTİ gələcək üçün yeni ideyalar bazası yaradır. Bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Tələbə Gənclər Təşkilatları ilə (TGT-lərlə) İş departamentinin direktoru Şəmsi Gülverdi deyib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, ATGTİ-nin "VI Liderlik Məktəbi - Qış Parlamenti" layihəsini şərh edən təşkilat rəsmisi bildirib ki, "Qış Parlamenti" gənclərin dövlət quruculuğu sahəsində maariflənməsinə dəstək olacaq. Eyni zamanda, layihə vasitəsilə onlar dövlət idarəçiliyinə öz töhfələrini verəcəklər. O qeyd edib ki, müxtəlif ixtisaslarda təhsil alan tələbə-gənclər "Qış Parlamenti" çərçivəsində komanda şəklində (şəbəkələşərək) ortaq təşəbbüslərlə çıxış edəcəklər.

Əvvəlki "Liderlik Məktəbi" layihələrinin məzunlarının ümumi fəaliyyətinə toxunan Gülverdinin sözlərinə görə, 2010-cu ildən bəri keçirilən "Liderlik Məktəbi" layihəsinin 500-ə yaxın məzunu öz təhsil müəssisələrinin TGT-lərində fəaliyyət göstəriblər: "Qış Parlamenti"nin iştirakçıları da layihədən sonra öz təhsil müəssisələrinin TGT-lərinin fəaliyyətinə cəlb olunacaq və beləliklə, ATGTİ gələcək üçün yeni ideyalar və təşəbbüslər bazası yaradacaq".

"Qış Parlamenti"nin gedişatından söz açan departament direktoru vurğulayıb ki, formatına görə layihə ölkəmizin Ali Qanunverici Orqanı olan Milli Məclisin iş prinsipinə uyğunlaşdırılacaq. Layihənin iştirakçıları, gənc parlamentarilər kompüter avadanlıqları ilə təmin olunacaq, parlamentin ümumi sessiyası, bütün çıxış və müzakirələri əvvəlcədən quraşdırılmış monitorlarda canlı olaraq yayımlanacaq. Bu və ya digər qanun layihəsi üzrə səsvermə prosesi isə onlayn formada keçiriləcək.

"Bildirmək istəyirəm ki, layihə ərzində gənc parlamentarilərlə görüşə gələcək millət vəkilləri onlara ustad dərsləri keçərək, parlament təcrübələri ilə bölüşəcəklər", - Şəmsi Gülverdi qeyd edib.

Xatırladaq ki, "VI Liderlik Məktəbi - Qış Parlamenti" layihəsi Gənclər və İdman Nazirliyinin dəstəyi və "Nil" mağazalar şəbəkəsi ilə birgə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti