...

Azərbaycanda radiasiya təhlükəsizliyinə dair yeni layihəyə başlanılıb

Cəmiyyət Materials 15 Fevral 2013 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Aktivliyin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Litvanın Radiasiya Təhlükəsizliyi Mərkəzi və Layihələrin İdarəetmə Mərkəzi Agentliyi ilə birgə "Azərbaycanın radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərinin inkişafı" üzrə Tvinninq layihəsini təqdim edib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə qeyd edib ki, FHN radiasiya təhlükəsizliyi məsələsinə böyük diqqət ayırır. Nazirliyin həyata keçirdiyi ilk layihələrdən biri də Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birlikdə nüvə və radiasiya məsələləri ilə məşğul olan agentliyin yaradılması olub.

Onun sözlərinə görə, agentliyin yaradılmasından bu günə qədər radiasiya təhlükəsizliyi sahəsində bir çox uğurlara nail olunub.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia bunun Aİ-nin FHN ilə ilk layihə olduğunu bildirərək, gələcəkdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Kobia vurğulayıb ki, radiasiya problemi ciddi bir problemdir və radiasiya təhlükəsizliyi məsələsi bütün ölkələrdə təmin olunmalıdır. "Bir ölkədə baş verən radiasiya şüalanması başqa ölkələrə də mənfi təsir göstərə bilər. Bu problemin qarşısını almaq üçün birgə fəalkiyyətimizi gücləndirməli, xüsusən də əhali arasında radiasiya təhlükəsizliyi ilə bağlı geniş maarifləndirmə işləri aparmalıyıq", - Kobia deyib.

Litvanın Azərbaycandakı səfiri Arturas Zurauskas qeyd edib ki, Azərbaycanda həyata keçirilən bu layihə Litva üçün də əhəmiyyətli bir layihədir. "İnanırıq ki, bu layihə uğurla icra ediləcək və Azərbaycana radiasiya təhlükəsizliyi sahəsində nailiyyətlər əldə etməyə kömək edəcək. Biz də öz tərəfimizdən bu işə töhfəmizi verməyə hazırıq", - səfir deyib.

Tədbirdə çıxış edən Litvanın Radiasiya Təhlükəsizliyi Mərkəzinin rəhbəri Albinas Mastauskas mərkəz haqqında məlumat verərək layihənin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, icra müddəti 24 ay olan layihənin məqsədi Azərbaycanda ionlaşdırıcı süalanmanın təsirlərinə nəzarəti artırmaq və bütün növ radioaktiv mənbələrə nəzarət sahəsində uyğun enerji siyasətini inkişaf etdirmək, Aİ-də mövcud olan ən yaxşı təcrübələrə və qanunvericiliyə, eləcə də beynəlxalq qaydalara əsasən, radiasiya təhlükəsizliyi mədəniyyətini, infrastrukturu və digər dəstəkləyici xidmətləri inkişaf etdirmək və laboratoriyanın yaradılması və bundan sonrakı akkreditasiya üçün hazırlanmasına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti