Azərbaycan, Bakı, 5 mart / Trend, müxbir E.Mehdiyev/
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünku iclasında Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsini təklif edib.
Trend-in məlumatına görə, iclasda çıxışı zamanı Paşayeva dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqlarının ödənilməsi zamanı üzləşdiyi problemlərə toxunub.
Millət vəkilinin sözlərinə görə, nəzərə almalıyıq ki, Qarabağ müharibəsi əlilləri öz sağlamlıqlarını itirmiş şəxslərdir və onların bir çoxu övladlarının təhsil haqlarının ödənilməsində ciddi çətinliklər çəkirlər.
Paşayeva bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş Qarabağ müharibəsi əlillərinin övladları təhsil haqqından azad edilməlidir və bu, ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslərə dövlətin diqqət və qayğısının növbəti bir addımı olardı.
Ölkəmizin buna imkanlarının olduğunu vurğulayan millət vəkili imkan daxilində dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan Qarabağ müharibəsi veteranlarının övladlarına bu imtiyazların verilməsi imkanlarının araşdırılmasını təklif edib.