...

Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinə tarixi baxış

Cəmiyyət Materials 31 Mart 2013 10:54 (UTC +04:00)
1918-ci il 31 mart tarixi hadisənin başlanğıcıdır. Bu hadisənin başlanğıcı onillərlə soyqırım siyasəti kimi davam edib. Əvvəla, buna hadisələrin əhatə dairəsi baxımından başlanğıc demək olar. Azərbaycana qarşı soyqırım siyasəti 200 ildən artıq davam edən strateji kursun bir zaman kəsiyində həyata keçirilməsidir. Bunu Trend-ə açıqlamasında milllət vəkili, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.
Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinə tarixi baxış

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İzzət/

1918-ci il 31 mart tarixi hadisənin başlanğıcıdır. Bu hadisənin başlanğıcı onillərlə soyqırım siyasəti kimi davam edib. Əvvəla, buna hadisələrin əhatə dairəsi baxımından başlanğıc demək olar. Azərbaycana qarşı soyqırım siyasəti 200 ildən artıq davam edən strateji kursun bir zaman kəsiyində həyata keçirilməsidir. Bunu Trend-ə açıqlamasında milllət vəkili, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

"Bunun kökü haradan gəlir? Bunun kökü I Pyotrun vəsiyyətlərindən başlayır. I Pyotr 1724-cü il noyabr ayının 10-da 3 erməni katolikosunu qəbul edib. Onun "nə istəyirsiz" sualına ermənilər "biz dağınıq xalqıq, bizi Xəzərboyu vilayətlərdə yerləşdirin, biz də sizin siyasətinizi dəstəkləyərik" - deyə cavab veriblər. I Pyotr da göstəriş verib ki, Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və digər yerlərdə yerli əhalinin sıxışdırılıb çıxarılması hesabına erməniləri yerləşdirin, çünki onlar bizim siyasətimizə lazım olacaq", deyə tarixçi alim bildirib.

Onun sözlərinə görə, I Pyotrun ölümündən sonra Rusiya Xalq Xarici İşlər Kollegiyası bunu qərar formasında qəbul edir və bu, tarixə I Pyotrun vəsiyyətləri adı altında daxil olur.

"Bu vəsiyyətlərin reallaşması 1828-ci ildə, yəni bir əsrdən sonra mümkün olur. "Türkmənçay sülh müqaviləsi"nin 15 və 16-cı maddələri təbəə alış-verişi, yəni insan dəyişməsi ilə bağlıdır. İrandan 40 min, Türkiyədən də 84 min erməni indiki Dağlıq Qarabağ ərazisinə köçürülür və 1828-ci il martın 21-də Çar Nikolayın "Erməni vilayəti" adında fərmanı çıxır. Məqsəd I Pyotrun vəsiyyətlərini reallaşdıraraq bu regionu ələ keçirmək olub. Bu düşmənçilik sonra da davam edib. Bu, Ermənistanın özünün istəyi ilə olub. Bu, ermənilərin 1890-cı ildə yaratdıqları "Daşnaksütyun" partiyasının "Dənizdən-dənizə" proqramında əks olunub. Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin kökü buradadır", deyə İbrahimli vurğulayıb.

Deputatın sözlərinə görə, 31 mart - azərbaycanlıların soyqırımı məsələsi əslində bu sahə ilə məşğul olmayan, qeyri-peşə sahiblərində belə bir fikir yarada bilər ki, bu, məhz elə 1918-ci ilin mart ayında başlayıb, mart ayında da başa çatıb və ona görə də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi götürülüb.

Əslində, bu, bir kursdur, Azərbaycana qarşı, türkə qarşı, Qafqaz regionunda strateji xətti reallaşdırmaq məqsədilə yeridilən bir siyasətin məhz XX əsrin əvvəllərində reallaşması üçün bir zəmin olduğu bu siyasət həyata keçirilib. Yəni bu təkcə bir erməni siyasəti deyil.

Tarixçi hesab edir ki, əgər bir əsr ərzində azərbaycanlılara qarşı bu millət tərəfindən 4 dəfə soyqırım törədilibsə, artıq bu ağrı-acıları ifadə etməkdən çox mart soyqırımın səbəbləri, tarixi kökləri araşdırılmalı, bu məsələdən daha çox danışılmalıdır.

"Mart soyqırımı bitməyən bir tarixin, bitməyən bir düşmənçiliyin məhz 1918-ci ildə baş verən əlamətidir. Bu düşmənçilik XX əsrin əvvəllərində 1905-1907-ci illərdə başlayıb, əsrin sonunda - 1992-ci ildə Xocalı soyqırımı ilə davam etdirilib. Yenə də hər hansı bir zaman, məqam daxilində hadisə baş verərsə, yenə erməni həmin bu siyasətini davam etdirə bilər.

"Bu hadisələr hansı məqamda baş verir? Məsələn, Çar Rusiyası rus-yapon müharibəsində məğlub olur, ölkə zəifləyir. Bu zəiflikdən istifadə edərək Bakıda 1905-1907-ci il qırğınları törədilir. Daha sonra Çar hökuməti məğlub olaraq tarixdən silinir, imperiya dağılır, ölkədə hərc-mərclik baş qaldırır, yenə də ermənilər bundan istifadə edib 1918-ci ildə qırğın törədir. 1947-1953-cü illər deportasiyası kommunistlərin hakimiyyəti dövründə, Xocalı soyqırımı isə 1992-ci ildə demoratik Rusiya dövründə törədilir. Yəni zaman dəyişir, hakimiyyət dəyişir, rejim dəyişir, amma bu siyasət dəyişmir. Bax, məsələnin kökü bundadır. Hardan qaynaqlanır bu kök? Bu, Azərbaycanda, Qafqaz regionunda Rusiyanın maraq dairəsi ilə bilavasitə bağlıdır. Sadəcə olaraq, Ermənistanın istəyi ilə Qafqaz regionunda böyük dövlətlərin istəyi üst-üstə düşdüyü üçün həmin böyük dövlətlərin istəyini reallaşdırmaq adı altında onların əslində "dənizdən-dənizə" türksüz bir Azərbaycan yaratmaq barədə böyük proqramları var", deyə İbrahimli bildirib.

Onun sözlərinə görə, mart soyqırımı bitməyən bir hadisədir. Buna sadəcə olaraq tarixdə baş vermiş bir hadisə kimi yox, bu gün də Azərbaycan üçün təhlükə törədə bilən, Azərbaycanın müstəqilliyinə ziyan verə bilən bir proses kimi baxmaq lazımdır.

"Buradan çıxarılan nəticə ondan ibarətdir ki, ermənilər 200 ildir bu xristian dünyasında özünə bir qala - düşmən qalası qurub. Qarşımızda bir düşmən qalası var. Bu qaladan 200 ildir ki, başımıza güllə və qumbara yağdırılır, ən yaxşılarımızı sıradan çıxarır, tariximizdə faciələr törədir.

"Bu hadisəni dünyada tanıda bilmişikmi" sualına cavab verərkən demək lazımdır ki, bu hadisənin özünə belə, bunu tanıtmaq çətindir. Ermənilərin arxasında dayanan qüvvələr var. 1992-ci il Xocalı soyqırımı dünyanın bütün səfirliklərinin gözü qarşısında baş verib. Operator hadisələri videokadrlarda çəkib. Dünya ölkələri bunu nədənsə qəbul etmir, amma 1915-ci ildə guya ermənilərə qarşı soyqırım olduğunu sübut etmək üçün qəbir eşib sümük tapırlar. Yəni bunlar hamısı xristian dünyasının istəyini reallaşdıran, böyük dövlətlərin Qafqaz maraqlarını reallaşdırmağa hazır olan, bu yolda heç bir tərəddüd etmədən addım atan ermənilərin bizə qarşı olan münasibətinin nəticəsidir", deyə tarixçi deyib.

Onun sözlərinə görə, 1918-ci ilin mart ayının son iki günündə təkcə Bakıda 12 min insan qətlə yetirilib. Bu soyqırım Bakı 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən azad olunanadək davam edib. Bu soyqırım aksiyası Azərbaycanın bütün bölgələrində törədilib.

"Cəmiyyətdə hazırda belə bir fikir var ki, 1920-ci ilin aprel işğalından sonra (red. - 1920-ci il aprelin 28-də Azərbaycan sovet hakimiyyəti qurulub) soyqırım dayanıb. Əsl genosid aprel işğalından sonra başlayıb. Daşnak libasını soyunub bolşevik libasını geyinən ermənilər çevrilişdən məharətlə istifadə edərək Bakı Komitəsində və Azərbaycan Kommunist Partiyasında möhkəm yer tutdular və 1920-ci ilin aprelindən 1921-ci ilin avqust ayınadək 48 min azərbaycanlı güllələndi. O zaman Ali Xalq Təsərrüfatı Şurasının sədri Solovyov 2 ay sonra Leninə məktubunda yazırdı ki, çevrilişə qədər Azərbaycan ziyalıları içərisində də Sovet hakimiyyətinə maraq göstərən adamlar var idi. Çevriliş baş verdi. Azərbaycanda azərbaycanlılardan ibarət hökumət yaradıldı. Amma heç kimə sirr deyil ki, Azərbaycan hökumətinin üzərində də bir hakimiyyət var. Bu, Azərbaycan Kommunist Partiyasıdır. Onun rəhbərliyi erməni və gürcü millətçilərdən ibarətdir və onlar Azərbaycanı başsız qoymaq fikrinə düşüblər. Soldan-sağa, sağdan-sola azərbaycanlılar güllələnib", deyə deputat qeyd edib.

Tarixçi deyib ki, 1920-ci il may ayının 25-də Gəncədə üsyan baş verdi. Mayın 31-də həmin üsyan yatırıldı və 12 min gəncəli qətlə yetirildi. Niyə? Bu təkcə rus ordusunun işi deyildi. Rus ordusunun qılığına girib onun tərəfində çıxış edən ermənilər fürsətdən istifadə etdilər, azərbaycanlıların böyük ziyalılarını məhv etdilər.

"Bu məsələni Azərbaycanın xaricində bilirlərmi? Azərbaycanlıların soyqırımını xaricdə tanıyırlarmı? Bizi elə xaric, Azərbaycana demokratiya dərsi deyənlər bu günə qoyub.
Bu gün Avropa bizdən demokratiya istəyir. Avropanın demokratiyasının mahiyyətini hələ 100 il bundan qabaq - 1913-cü ildə Əhməd bəy Ağayev Balkanlarda xristianlar müsəlmanlara divan tutan zaman açmışdı. O, özünün "Balkan vəhşiliyi və rus mətbuatı" adlı məqaləsində yazırdı: "Hamımızın ehtiyac duyduğumuz demokratiya, insan hüquqları və humanizm Balkan hadisələrindən sonra rəngini dəyişdi. Avropa demokratiyası Avropa fabriklərinin İran bazarını doldurdurduğu üzü bəzək, içi çürük şeylərdən başqa bir şey deyildir".

Tarixçi hesab edir ki, bu gün də bizə həmin o çürük "demokratiya"nı sırımaq istəyirlər, amma haqq işimizi tanımırlar. İşğalçını tanımırlar.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin heç biri Ermənistanı işğalçı dövlət kimi tanımır. Deyirlər ki, torpaqlar işğal olunub, amma kimin işğal etdiyini demirlər. Ona görə də bu məsələlərdə öz millətimizə daha çox etibar etməliyik. Millət özünə daha çox etibar etməlidir. Dövlət özünə daha çox etibar etməlidir. Kənardan hansısa bir istək ummaq tamamilə bizim uğursuzluğumuz olar", deyə Fəzail İbrahimli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti