Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/
Ötən 2012-ci ildə Azərbaycanda 53 nəfər insan alverinin qurbanı olub.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak BMT-nin Azərbaycandakı Ofisində jurnalistlər üçün dayanıqlı inkişaf və 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri, o cümlədən insan alveri və bu problemin aradan qaldırılması zamanı regionda və ölkədə qarşıya çıxan problemlər, habelə bu sahədə BMT agentliklərinin gördükləri işlər ətrafında keçirilən təqdimatda bildirib.
BMqT rəsmisinin sözlərinə görə, ötən il Azərbaycanda 4-ü yetkinlik yaşına çatmayanlarla əlaqəli olmaqla 48 fahişəliyə cəlb etmə faktı aşkar edilib.
Bundan əlavə, ölkədə insan alveri ilə bağlı 89, əxlaqsızlıq yuvalarının saxlanması ilə bağlı 76, pornoqrafik materiallar və ya əşyaların qanunsuz yayılması ilə bağlı 5, seksual xarakterli hərəkətlərə məcbur etmə ilə bağlı 4, məcburi əməyə cəlb etmə ilə bağlı isə 2 fakt müəyyən edilib.
İnsan alveri ilə bağlı törədilmiş cinayətlərlə əlaqədar 22 insan alverçisi saxlanılıb.
İnsan orqanlarının və toxumlarının alqı-satqısı və onların transplantasiyası məqsədi ilə götürülməsinə məcbur etmə faktları aşkarlanmayıb.