...

Ankarada "Heydər Əliyev və Türkiyə" adlı fotosərgi açılıb (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2013 03:23 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər planı hazırlayıb.
Ankarada "Heydər Əliyev və Türkiyə" adlı fotosərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər planı hazırlayıb. Qeyd olunan silsilə tədbirlər çərçivəsində Ankaranın Çankaya rayon bələdiyyəsi ilə birlikdə bələdiyyənin Müasir İncəsənət Mərkəzində "Heydər Əliyev və Türkiyə" sərlövhəli fotosərgi təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmət Sezgin, Türkiyənin sabiq səhiyyə naziri Xəlil Şıvqın, çox sayda millət vəkilləri, Türkiyə XİN-nin yüksəkvəzifəli rəsmiləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Çankara rayon bələdiyyəsinin başçısı Bülent Tanık başda olmaqla bələdiyyə əməkdaşları, Ankara ictimaiyyətinin nümayəndələri, çox sayda elm və incəsənət adamları, Azərbaycan diasporunun nümayəndələri və Ankarada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin açılış nitqi ilə çıxış edən səfir Faiq Bağırov ümummilli liderin həyatından, xalqımıza mühüm xidmətlərindən, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində atdığı tarixi addımlardan və Türkiyə ilə münasibətlərə verdiyi xüsusi diqqətdən geniş bəhs edib.

Bələdiyyə başçısı Bülent Tanık öz çıxışında belə mühüm tədbirlərin ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrdən söz açıb.

Ardından fotosərginin açılış lentini səfir Faiq Bağırov, Çankara rayon bələdiyyəsinin başçısı Bülent Tanık, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmet Sezgin, Türkiyənin sabiq səhiyyə naziri Xəlil Şıvqın və Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç kəsiblər.

Tədbir iştirakçılarına sərginin açılışı münasibətilə ziyafət verilib. Qeyd edək ki, ümummilli liderin 90 illik yubileyi münasibətilə təşkil olunmuş fotosərgi aprelin 30-dək nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti