Azərbaycan, Bakı, 26 aprel /Trend/
Aprelin 25-də deputat Novruz Aslanov İsmayıllı rayonunda sakinləri qəbul edib. İsmayıllı şəhərindəki ofisində sakinləri fərdi qaydada qəbul edən millət vəkili onların problemləri ilə maraqlanıb. Sakinlər əsasən sosial məsələlərlə bağlı problemlərini, xüsusilə, işlə təminat, müalicə və məişət məsələlərini deputatın diqqətinə çatdırıblar. Müraciətlərlə bağlı müvafiq tədbirlərin görüləcəyi sakinlərə bildirilib.
Məlumat üçün bildirək ki, millət vəkili sakinlərlə keçirdiyi qəbullarla yanaşı, həmçinin rayonda təşkil olunan kütləvi tədbirlər zamanı da onlarla sıx ünsiyyətdə olur.
Aprelin 18-də İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda kriminogen və sosial-iqtisadi məsələlərlə bağlı iclas keçirilmiş və Milli Məclisin deputatı Novruz Aslanov iclasda iştirak etmişdir. Novruz Aslanov öz çıxışında bölgələrin sosial-iqtisadi inkişafından, o cümlədən İsmayıllı rayonunda həyata keçirilən tədbirlərdən, abadlıq-quruculuq işlərindən, sosial-iqtisadi sahənin inkişafından söhbət açmış və Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini iclas iştirakçılarının nəzərinə çatdırmışdır.