Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş toplantı keçirilib. Mərkəzdən cümə günü Trend-ə verilən məlumata görə, toplantıda İSİM, Yasamal Rayon İcra Hakimiyyəti və YAP-ın nümayəndələri iştirak ediblər.
Toplantı iştirakçılarını salamlayan İSİM-in direktoru Ceyhun Məmmədov ulu öndərin xalq, dövlət qarşısında misilsiz xidmətlərindən söz açıb. O, öz çıxışında Heydər Əliyevin qoyduğu yol və inkişaf strategiyası bu gün də uğurla ölkə Prezidenti tərəfindən davam etdirildiyini xüsusilə vurğulayıb.
Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov və Yasamal rayon Qadın Şurasının sədr müavini Sədaqət Xudiyeva çıxışlarında Heydər Əliyevin xoş xatirəsini ehtiramla yad etdilər. Məruzəçilər Heydər Əliyevin rəhbər və lider kimi tarixi fəaliyyətinin nəsillər üçün böyük bir məktəb olduğunu, onun dərin yaddaşı, məntiqi, gərgin siyasi vəziyyətlərdən ustalıqla çıxmaq bacarığı, intellektual gücü, sərt və qayğıkeş rəhbərlik xüsusiyyəti barədə hələ çox tədqiqatların aparılacağını nəzərə çatdırdılar.
İSİM-in əməkdaşı Vüsal Bayramov Heydər Əliyevin həyatı, siyasi və ictimai fəaliyyəti ilə bağlı maraqlı məqamlara toxundu: "Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim ölkəmizin tərəqqisi üçün çalışıb, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb."
YAP-ın İSİM bölməsinin sədri Yeganə Vəliyeva Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin siyasi bacarığından və iradəsindən söz açdı. Y.Vəliyeva Heydər Əliyevin dərin, universal biliyə, qətiyyətə, işgüzarlığa, qeyri-adi yaddaşa, tükənməz səbrə, uzaqgörənliyə, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətinə, müdrikliyə, ən böyük siyasətçi keyfiyyətlərinə sahib olduğundan və mahir diplomat kimi fəaliyyətindən bəhs etdi.
Tədbirin sonunda Heydər Əliyevin səhiyyənin inkişafı ilə bağlı siyasi və ictimai fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.