Azərbaycan, Bakı, 1 iyul /Trend/
Gəncə İtaliyanın Turin şəhəri ilə qardaşlaşıb.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev başçılıq etdiyi nümayəndə heyətinin adıçəkilən şəhərə səfəri zamanı Turin və Gəncə arasında əməkdaşlıq üzrə protokol da qəbul olunub. Elmar Vəliyevlə və Turin şəhərinin meri Piero Fassini bu əməkdaşlığın zəruri sahələrini nəzərdən keçiriblər.
Görüşdə bildirilib ki, Turin və Gəncə şəhərləri tarixi baxımdan bir çox oxşarlıqlara malikdirlər. Belə ki, hər iki şəhər müxtəlif dövrlərdə ölkənin paytaxtı missiyasını daşıyıb. Çoxəsrik tarixə malik Gəncə şəhərinin Azərbaycanın qədim mədəniyyət, iqtisadiyyat, elm, sənaye və ticarət mərkəzi olduğunu bildirən Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev burada bütün sahələr üzrə əməkdaşlıq üçün yüksək potensialın mövcudluğunu vurğulayıb. Bir neçə il bundan əvvəl Bakıda səfərdə olduğunu bildirən Pierro Fassini də öz növbəsində qonaqları Turin şəhərinin tarixi, infrastrukturu ilə tanış edib. Azərbaycan nümayəndə heyəti şəhərin texnoparkına və bir sıra iqtisadi obyektlərə də baş çəkib.
Gəncə Şəhərinin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev: "Bir neçə sahədə, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, elm sahələri üzrə memorandumlar hazırlanır. Gələcəkdə daha geniş formatda əməkdaşlıq etmək qərarına gəldik. Düşünürəm ki, həm bizim, həm də Turin şəhəri üçün bu çox vacibdir. Cənab meri noyabr ayında Gəncədə keçiriləcək Beynəlxalq Şərab Festivalına dəvət etdik. Orada artıq ikinci memorandumun imzalanması nəzərdə tutulub".
Səfər çərçivəsində artıq qardaşlaşmış olan Gəncə və Turin arasında, elm-təhsil, mədəniyyət sahəsində, xüsusilə də universitetlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub. Turin və Gəncədə fəaliyyət göstərən ali məktəblər arasında qarşılıqlı mütəxəssis mübadiləsi barədə fikir mübadiləsi aparılıb.
Şəhər merinə rəmzi hədiyyələr, o cümlədən üzərində Məhsəti Gəncəvinin təsviri olan xalça təqdim olunub. Xatırladaq ki, Turin şəhəri 2010-cu ildə Avropanın Gənclər paytaxtı seçilib. Gəncə isə 2016-cı ildə Avropanın Gənclər paytaxtı olmağa ən real namizəddir.
Qeyd edək ki, Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə AMEA-nın Gəncə bölməsinin direktoru Fuad Əliyev, şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev və Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Naqif
Həmzəyev daxil olublar.