Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycanda 2013-cü ilin I yarısı ərzində yanğın hadisələri zamanı 35 nəfər ölüb.
Trend Fövqəladə Hallar Nazirlyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, 2013-cü ilin I yarısı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 3723 çıxış edilib.
Onlardan 886-sı çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 1917-si açıq sahələrdə, 180-i nəqliyyat vasitələrində olub. 740-nı isə digər yanğınlar təşkil edib.
Yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 44 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 3% çox, xəsarət alanlar üzrə isə 5 nəfər və ya 10% azdır.
Ölənlərdən 24-ü çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 6-sı nəqliyyat vasitələrində, 5 nəfəri isə baş vermiş digər yanğınlar zamanı dünyasını dəyişib.