...

Azərbaycanda Nelson Mandela Günü qeyd olunub

Cəmiyyət Materials 18 İyul 2013 17:39 (UTC +04:00)
Bu gün BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPI) Azərbaycandakı nümayəndəliyi İnformasiya Resurs Kompleksi ilə birlikdə böyük Afrika lideri Nelson Mandelanın doğum gününü qeyd edib.
Azərbaycanda Nelson Mandela Günü qeyd olunub

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir S.Əhmədova/

Bu gün BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPI) Azərbaycandakı nümayəndəliyi İnformasiya Resurs Kompleksi ilə birlikdə böyük Afrika lideri Nelson Mandelanın doğum gününü qeyd edib.

Trend-in məlumatına görə, Azərbaycan Dillər Universitetində keçirilən Cənubi Afrika Respublikasının prezidenti olmuş və fəalliyyəti dövründə irqi ayrı-seçkiliklərə qarşı davamlı mübarizə aparan Nelson Mandelanın 95 illik yubileyinə həsr olunan tədbirdə çıxış edən BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk bu günün yaranma tarixindən danışıb.

A.Bruk BMT-nin baş katibi Pan Gi-Munun Beynəlxalq Nelson Mandela Günü münasibətilə müraciətini oxuyub. Müraciətdə deyilir ki, bu ilki Beynəlxalq Nelson Mandela Günü onun həyatı və gördüyü işlərin daha çox diqqət mərkəzində olduğu bir vaxta təsadüf edir, çünki bəşər tarixinin ən böyük liderlərindən biri olan bu şəxsiyyət hospitaldadır:

"Prezident Mandelaya 95 yaşı olması münasibətilə ən xoş arzularımızı çatdırırıq. Gəlin, bu gün bu arzularımızı başqaları naminə işlər görərək mənalandıraq. Nelson Mandela ömrünün 67 ilini insan hüquqları və sosial ədalətin əldə olunmasına həsr edib. Bu günü qeyd etməklə Birləşmiş Millətlər Təşkilatı Mandela Fonduna qoşularaq dünyanın hər yerində insanları iyulun 18-də günlərinin 67 dəqiqəsini icma işinə həsr etməyə səsləyir".

Müraciətdə deyilir ki, Beynəlxalq Nelson Mandela Gününün mərkəzində insanlar və planetimiz üçün xeyirxah işlər görmək dayanır. Günün mövzusu olan "Hərəkət et, dəyişiklikliyə ruhlandır" bəşər ailəsini dayanıqlı və bərabər dünya qurmaq yoluna səfərbər edir. Bu, insanlığın ən ali dəyərlərini özündə birləşdirən bu qeyri-adi insana təşəkkür etməyin ən yaxşı yoludur:

"Bu cür çətin vaxtda bizim dualarımız cənab Mandela, onun ailəsi və Cənubi Afrikanın bütün insanları ilədir. Zəmanəmizin ən böyük insanı naminə birgəyik!"

Tədbirdə BMT-nin İctimai İnformasiya Departamentinin ölkə üzrə nümayəndəsi Envera Selimoviç və Beynəlxalq Avrasiya Mətbuat Fondunun İnkişaf proqramları və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Nik Nvolisa iştirak ediblər.

Tədbir iştirakçılarına Nelson Mandelanın həyat yolu barədə qısa sənədli film nümayiş etdirilib və diskussiyalar aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti