Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsi ilə bağlı müraciətlərin qəbulu avqustun 12-də başa çatacaq. Trend-in məlumatına görə, bunu bu gün Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov jurnalistlər üçün 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Aparat rəhbərinin sözlərinə görə, Gənclər Fondu 580 gündür fəaliyyət göstərir. Bu müddət ərzində 3 qrant müsabiqəsi elan olunub. Sonuncu qrant müsabiqəsi ilə bağlı müraciətlərin qəbulu avqustun 12-də başa çatacaq:
"Bu müddət ərzində Gənclər Fondunda 871 müraciət qeydə alınıb. Onlardan 461-i fərdi şəxslər, 410-u isə QHT-lərdir. Birinci qrant müsabiqəsi çərçivəsində 1 950 820 manat, ikinci qrant müsabiqəsinə isə 1 338 740 manat maliyyə vəsaiti ayrılıb".
Qürbətov qeyd edib ki, ikinci qrant müsabiqəsinə 387 layihə ilə müraciət edilib. Onlardan 177-si Fond tərəfindən dəstəklənib. Ümumilikdə bu günə qədər Gənclər Fonduna 600-ə qədər layihə təqdim edilib. Onlardan 300-ə qədəri Fond tərəfindən maliyyələşdirilib.
Gənclər Fondu 110 ölkənin gənclər təşkilatları ilə əlaqə yaradıb.