...

Baş Prokurorluq Nabrandakı istirahət mərkəzində İmran Cəfərzadənin xəsarət alması faktı ilə bağlı həbs olunanlar barədə rəsmi məlumat verdi

Cəmiyyət Materials 29 İyul 2013 10:33 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu faktla bağlı “CTF” firmasının və “Nabran Holiday Village” istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq Nabrandakı istirahət mərkəzində İmran Cəfərzadənin xəsarət alması faktı ilə bağlı həbs olunanlar barədə rəsmi məlumat verdi

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

İyulun 21-də "Nabran Holiday Village" istirahət mərkəzində İmran Cəfərzadənin xəsarət alması faktı ilə bağlı 3 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu faktla bağlı "CTF" firmasının və "Nabran Holiday Village" istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Ədliyyə Nazirliyinin Məhkəmə-ekspertiza mərkəzinin 25 iyul 2013-cü il tarixli ilkin rəyi ilə müəyyən edilib ki, istirahət mərkəzinin vəzifəli və digər şəxslərinin xidməti vəzifələrinə laqeyd münasibətləri nəticəsində "Su attraksionları. Konstruksiyalarının təhlükəsizliyi" standartının 6.4-cü bəndinin tələbləri kobud şəkildə pozulmuş və nəticədə azyaşlı İ.Cəfərzadə ağır bədən xəsarətləri alıb.

Həmin iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə zəruri ekspertizalar, o cümlədən, məhkəmə-texniki, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilir.

Hazırda cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.

İş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla "CTF" firması və "Nabran Holiday Village" istirahət mərkəzinin fəaliyyətindəki qanun pozuntularının və həmin qanun pozuntularına yol vermiş digər təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Qeyd edək ki, ağır bədən xəsarətləri almış İmran Cəfərzadənin müayinə və müalicəsi, eyni zamanda baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzarətə götürülüb.

Xatırladaq ki, iki ayağından xəsarət alan İ.Cəfərzadə hazırda dövlətin maliyyə dəstəyi ilə Almaniyada müayinə və müalicə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti