...

Azərbaycan vətəndaşlarına yeni biometrik pasportların verilməsi üçün Gəncədə mərkəz yaradılıb

Cəmiyyət Materials 6 Sentyabr 2013 21:32 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Azərbaycan vətəndaşlarına yeni biometrik pasportların verilməsinə başlanılıb.
Azərbaycan vətəndaşlarına yeni biometrik pasportların verilməsi üçün Gəncədə mərkəz yaradılıb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Azərbaycan vətəndaşlarına yeni biometrik pasportların verilməsinə başlanılıb.

Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional, o cümlədən Gəncədə mərkəz yaradılıb. Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq on, beş və bir iş günü ərzində ümumvətəndaş pasportları ilə təmin olur.

Biometrik pasportlara yerləşdirilən xüsusi çip vətəndaş haqqında bütün informasiyanın daşıyıcısıdır. Həmçinin pasport sahibinin üz təsviri üçün yer və elektron çipin mövcudluğu haqqında xüsusi işarə də pasportda öz əksini tapıb.

ASAN xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynov: "Biometrik texnologiyalar haqqında danışsaq onu deyə bilərik ki, ümumilikdə texnologiyaların tədbiqi insanların həyatlarını asanlaşdırmağa yönəlib. Artıq bu pasportların vasitəsi ilə insanlar
sərbəst şəkildə istədikləri yerə gedə bilərlər. Heç bir vaxt itkisinə məruz qalmadan. Onlar yeni rahat bir həyata qədəm qoyurlar".

Artıq ölkə sərhəddinni keçən zaman və ya xarici ölkələrə viza almaq istəyən zaman heç bir anketi doldurmağa ehtiyac qalmayacaq. Bütün informasiya elektron versiyada pasportun özündə yerləşdirilib.

Biometrik pasportların verilməsi üçün dövlət rüsumuna gəlincə, 1 yaşınadək uşaqlara biometrik pasportlar 10 iş günü ərzində verilirsə, 10 manat, 5 iş günü ərzində 20 manat, 1 iş günü ərzində 40 manat rüsum ödənilir. 1 yaşdan 3 yaşadək uşaqlar üçün bimetrik pasportlar 10 iş günü ərzində verilirsə 20 manat, 5 iş günü ərzində 40 manat, 1 gün ərzində verilirsə 80 manat rüsum ödənilir. 3 yaşdan 18 yaşadək uşaqlar üçün biometrik pasportlar 10 iş günü ərzində verilirsə 30 manat, 5 iş günü ərzində 60 manat, 1 iş günü ərzində isə 120 manat rüsum ödənilir.

18 yaşdan yuxarı vətəndaşlar üçün isə biometrik pasportların verilməsi üçün 10 iş günü ərzində verilərsə 40 manat, 5 iş günü ərzində 80 manat, 1 iş günü ərzində 160 manat rüsum tələb olunur. Bildirək ki, bu pasportların tətbiqi bir növ təhlükəsizlik xarakteri də daşıyır.

"Biometrik texnologiyaların tətbiqi mütəxəssislərin sözlərinə görə, sərhəd keçid məntəqələrində keçid asanlaşacaq. Hüquq- mühafizə orqanlarına insanları yoxlamaq üçün böyük vaxt tələb olunmayacaq. Bu pasportların verilməsi ilə qanunsuz miqrasiyanın, qaçaq malçılıq, terrorçuluğun da qarşısını almaq üçün müəyyən töhfə vermiş olacaq".

Gəncə və ətraf 11 rayonun sakinləri isə yeni pasportları elə yeni istifadəyə verilən Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə regional mərkəzində ala bilərlər. Vətəndaşlar xüsusi avadanlıqdan növbəlik kağızını alaraq tez bir zamanda pasportla təmin edilir.

Mərkəz gün ərzində 300-dən çox vətəndaşa xidmət göstərə bilir.

Vətəndaşlar isə yaradılan şəraitdən və yeni tətbiq olunan pasportlardan məmnunluq hisslərini ifadə edib.

Vətəndaş biometrik pasport almaq üçün şəxsiyyəti müəyyən edilir, daha sonra onun barmaq izləri və imzası götürülür. Bu prosedurdan keçənlər biometrik pasportlarla təmin olunur.

Hazırda vətəndaşların sənəd qəbulu aparılır. Qəbul növbəli şəkildə və tam şəffaf şəkildə keçirilir. Vətəndaşlar həftənin 7 günü mərkəzə müraciət edə bilərlər. Onu da bildirək ki, biometrik pasportların verilməsin sentyabrın 2-dən başlanılıb. Və ilk biometrik pasport isə Prezident İlham Əliyevə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti