...

Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2013 11:11 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir İ.İzzət /

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun Nyu-Yorkda keçirilən yüksək səviyyəli illik görüşündə bu qurumla Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BMT tərəfindən Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndə Nasser Abdulaziz Al-Nassir, Azərbaycan tərəfindən isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov imzalayıb.

İmzalanmış müqavilə beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoq üzrə ən ali platforma olan BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.

Müqaviləyə əsasən, Sivilizasiyalar Alyansı ilə Dövlət Komitəsi tərəfindən təsis edilmiş Milli Tolerantlıq Mərkəzinin fəaliyyətinə, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünyada yayılmasına dəstək veriləcək. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış "Azərbaycan - Tolerantlıq Məkanı" fotosərgisi Sivilizasiyalar Alyansının tədbirlərində, o cümlədən 2014-cü ildə İndoneziyada keçiriləcək forumda təşkil olunacaq. Müqaviləyə əsasən, iki qurum tərəfindən həyata keçiriləcək layihələr sırasında 2014-cü ildə Azərbaycanda baş tutacaq gənclər üçün Yay Məktəbi və "Photolerance" fotomüsabiqəsi də var.

İmzalanma zamanı çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir müqavilənin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tolerantlıq modelinə verdiyi yüksək qiymət kimi dəyərləndirib və bununla iki qurum arasında əməkdaşlığın yeni səhifəsinin açıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti