Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Bakıda 7-ci Beynəlxalq "Təhsil və Karyera" sərgisi öz işinə başlayacaq.
Trend-in məlumatına görə, bununla əlaqədar keçirilən mətbuat konfransında sərginin təşkilatçısı - "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, bu il Bakıda 9 sərgi keçiriləcək. Onlardan ilki "Təhsil və Karyera" sərgisidir. Oktyabrın 4-dən 6-dək keçiriləcək bu sərgidə dünyanın 17 ölkəsinin - Böyük Britaniya, Cənubi Koreya, İspaniya, Kanada, Litva, Macarıstan, Polşa, Şimali Kipr və digərlərinin nümayəndələri öz stendlərini nümayiş etdirəcəklər.
Sərgidə ziyarətçilərə ali təhsil almaq və ya biliklərini artırmaq istəyən şəxslərə geniş informasiya təklif olunacaq, müxtəlif ixtisaslar üzrə fakültə, kurs və proqram təklif edən iştirakçılar ziyarətçilərə ölkələrinin təhsil sistemi, eləcə də xaricdə bu və ya digər təhsil proqramının üstünlükləri barədə məlumat verəcəklər.
Bu il ilk dəfə 5 ölkə - Belarus, Litva, Macarıstan, Polşa və Ukrayna öz milli stendləri ilə çıxış edəcək.
Təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, "Təhsil və Karyera" sərgisi Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Bu sərgi regionda təhsil sektoruna həsr olunmuş və aparıcı beynəlxalq universitetlərin təqdim olunduğu ən böyük tədbirdir. Sərgi çərçivəsində "Azərbaycanda əmək bazarının inkişafı üçün yeni təşəbbüslər" mövzusunda "dəyirmi masa" keçiriləcək. Nazirlik tərəfindən təşkil olunacaq "dəyirmi masa"da məzunlar yeni karyera imkanları əldə edəcək, işəgötürənlərlə sıx əlaqələr yaranacaq.
Sərgi çərçivəsində "Sağlam təhsil, sağlam millət" də layihəsi həyata keçiriləcək. Layihə zamanı Azərbaycanda ilk dəfə olaraq məşhur novator, Rusiyada ümumi təhsil sahəsinin fəxri işçisi Bazarnıy Vladimir Filippoviçin "Məktəbəqədər tədris müəssisələrində və orta məktəblərdə təhsil-idrak prosesinin təşkili və bu prosesin yeni nəsillərin inkişafına və həyat qabiliyyətinə təsiri" mövzusunda seminarları təşkil olunacaq. Professor V.F.Bazarnıy təhsil müəssisələrini sağlamlığın inkişafına əsaslandıran və təhsil prosesi zamanı məktəbli uşaqların potensialını üzə çıxaran öz unikal sistemi barədə təqdimatla çıxış edəcək.