...

AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan yeni sənəd hazırlanacaq

Cəmiyyət Materials 15 Noyabr 2013 14:36 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənədin hazırlanması planlaşdırılır.
AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan yeni sənəd hazırlanacaq

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənədin hazırlanması planlaşdırılır.

Trend-in məlumatına görə, AMEA prezidenti Akif Əlizadə akademiyanın Elmi Müəssisələrinin Direktorları Şurasının ilk iclasında çıxışı zamanı deyib ki, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın icrasının başa çatmasına az qalıb. O bildirib ki, Akademiyanın bütün elmi müəssisə və təşkilatlarının kollektivləri AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənədin hazırlanması ilə bağlı təkliflərini Rəyasət Heyətinə təqdim etməlidirlər.

Akademiyada həyata keçirilən mühüm işlərin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vacibliyini vurğulayan A.Əlizadə qeyd edib ki, aparılan elmi-tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdəndir. Akademik AMEA-nın bütün institut və təşkilatlarında ictimaiyyətlə əlaqələrə məsul şəxslərin müəyyənləşdirilməsinin vacibliyini də vurğulayıb.

AMEA prezidenti elmi kadr hazırlığı məsələsinə də toxunaraq qeyd edib ki, "Gənclər üçün Prezident Mükafatı"na namizədliyi Rəyasət Heyətinə təqdim olunan alimlər gələcək kadrlar kimi böyük potensiala malikdirlər. Elmi müəssisələrin rəhbərləri onların tədqiqatlarının daha da inkişaf etdirilməsinə çalışmalıdırlar. Gənc tədqiqatçılar Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilməli, onların tədqiqat işlərinin nəticələri elmi şuralarda müzakirə olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti