...

Azərbaycan yol polisi cəzaların sərtləşdirilməsinin tərəfdarıdır

Cəmiyyət Materials 19 Noyabr 2013 10:34 (UTC +04:00)
Bir neçə gün əvvəl hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən Ali Məhkəmənin Plenumunda son illər Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin artmasından ciddi narahatlıq ifadə edildi və bu sahədə qanunverciliyin təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflər verilməsinə dair qərar qəbul edildi.
Azərbaycan yol polisi cəzaların sərtləşdirilməsinin tərəfdarıdır

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İzzət/

Bir neçə gün əvvəl hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən Ali Məhkəmənin Plenumunda son illər Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin artmasından ciddi narahatlıq ifadə edildi və bu sahədə qanunverciliyin təkmilləşdirilməsi üçün Milli Məclisə təkliflər verilməsinə dair qərar qəbul edildi.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bununla bağlı Trend-ə açıqlamasında belə bir qərarın qəbul edilməsinin çox təqdirəlayiq olduğunu bildirib.

Onun sözlərinə görə, yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət gücləndirildikdə, bu, həmişə hadisələrin sayının azalmasına da təsir edir: "Əfsuslar olsun ki, bizim hərəkət iştirakçılarımız təbliğat, maarifləndirmə məsələlərinə bir o qədər də diqqət yetirmirlər. Biz nə qədər bu sahədə hərtərəfli iş aparsaq da, görürük ki, inzibati təsirlə müqayisədə bu, o qədər də səmərə vermir. İnzibati təsir güclü olduqda isə, yəni hər hansı bir qayda pozuntusuna, yaxud da inzibati xətaya və ya cinayət hadisəsinə görə məsuliyyət gücləndirildikdə onunla bağlı qayda pozulmalarının da sayı azalır. Qayda pozuntularının sayının azalması qəzaların azalması, bu da öz növbəsində insan itkisinin qarşısının alınması deməkdir".

Şöbə rəisi yollarda daş və çınqılların ağırtonnajlı yük maşınları ilə deyil, dəmir yolu ilə daşınmasına dair Nazirlər Kabineti qarşısında qaldırılmış təklifə də münasibət bildirib. Onun fikrincə, istər yüklərin, istərsə də sərnişinlərin daşınması mümkün qədər digər nəqliyyat sahələrinə ötürülsə, yollarda nəqliyyatın intensivliyinin azalmasına gətirib çıxarar: "Yollarda nəqliyyatın intensivliyi nə qədər az olarsa, bu, qəzaların qarşısının alınmasına da bilavasitə təsir göstərəcək. Bundan əlavə, dəmir yolu daha təhlükəsizdir. Tək yüklərin yox, elə sərnişinlərin də dəmir yolu vasitəsilə daşınması daha yaxşı olardı. Çünki təkcə bir avtobus qəzası baş verdikdə, onlarla insan xəsarət alır. Dəmir yolu daşımalarında isə belə hala, demək olar ki, rast gəlinmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti