...

Təhsil Nazirliyi məktəb direktorları üçün təlimlərə başlayır

Cəmiyyət Materials 25 Noyabr 2013 17:23 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib.
Təhsil Nazirliyi məktəb direktorları üçün təlimlərə başlayır

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib.

Trend nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirməkdir.

İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək. Təlimlərin müddəti 2014-cü ilin 21 yanvar - 21 aprel (3 ay) tarixlərini əhatə edəcək. Dərslər gündə 3 saat (həftəlik 15 saat) olmaqla, həftənin 5 günü təşkil ediləcək. Müsabiqədə iştirak üçün namizədin ali pedaqoji təhsili, beş illik pedaqoji iş təcrübəsi olmalıdır.

Təlimlərdə iştirak üçün son müraciət tarixi 15 dekabrdır.

Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur.

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə "Uğur sertifikatı" təqdim olunacaq. "Uğur sertifikatı" əldə etmiş və hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq, gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar isə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti