Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Dekabrın 10-da Çevik Polis Alayında paytaxtın mərkəzində və İçərişəhərdə xidmət aparan sahə inspektorlarının və gənc polis əməkdaşlarının iştirakı ilə Bakının arxitekturasına və tarixinə həsr olunmuş seminar-məşğələ keçirilmişdir.
DİN Baş Kadrlar İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz İsaxanov bildirmişdir ki, bu tədbir Daxili İşlər Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə baş tutub. Məqsəd paytaxtımızın tarixi abidələrlə zəngin olan rayonlarında xidmət aparan bayır xidmətinin gənc əməkdaşlarını daha ətraflı məlumatlandırmaqdır.
Bir sıra dəyərli araşdırmaların müəllifi, tamaşaçıların maraqla izlədiyi "Bakı sirrləri" verilişinin yaradıcısı və aparıcısı, istefada olan polis polkovnik-leytenantı Fuad Axundov dinləyicilərə qeyd olunan mövzuda maraqlı məlumatlar vermiş, "tarixi rəqəmlərlə deyil, həm də insan taleləri ilə yadda saxlamaq lazımdır", - deyən natiq tədbirin təşkilinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirmişdir. O vurğulamışdır ki, ölkəmizin, xüsusilə də paytaxt Bakımızın qədim tarixi haqqında hər bir azərbaycanlı ətraflı bilgiyə malik olmalıdır, çünki XXI əsr məlumat və informasiya əsridir. Ölkəmizdə elə tarixi abidələr var ki, onlar YUNESKO-nun Mədəni İrs siyahısına daxil olmuşdur və bu, ölkəmizə gələn turistlərin diqqətini xüsusilə cəlb edir.
Qeyd olunmuşdur ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının yaxından iştirakı ilə yaradılmış sabitliyin, əmin-amanlığın etibarlı təmini turizmin inkişafı üçün əlverişli şərait yaratmışdır. Ölkəmizin Avropaya inteqrasiyası, iqtisadi baxımdan daha yüksək templə inkişafı təkcə paytaxtımızda deyil, regionlarda da turustlərin sayının artması ilə müşahidə olunur. Bu, həm də onun göstəricisidir ki, Azərbaycan yaşamaq, gəzmək və istirahət etmək üçün əlverişli və sabit bir məkandır. Ona görə də polis əməkdaşlarının xidmət etdikləri ərazilərdə tarixi abidələr barədə məlumatlı olmaları, onların nə vaxt, nə zaman, kim tərəfindən tikilməsini bilmələri də vacib şərtlərdən biridir.
Mühazirəçinin şəxsi tədqiqatları nəticəsində əldə etdiyi yeni məlumatlar, qədim Bakının slayd vasitəsilə təqdim olunan fotoşəkilləri və digər arxiv materialları dinləyicilərin böyük marağına səbəb olmuşdur.
Tədbir zamanı Azərbaycan tarixində, mədəniyyətində və incəsənətində müstəsna rol oynamış şəxsiyyətlər barədə də maraqlı məlumatlar verilmişdir.