...

Azərbaycanın səhiyyə naziri KİV-lərdə səhiyyə sistemi barədə yazılan tənqidlərə münasibət bildirib

Cəmiyyət Materials 14 Mart 2014 12:34 (UTC +04:00)
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev KİV-lərdə səhiyyə sistemi ilə bağlı yazılan və səslənən tənqidlərə münasibət bildirib
Azərbaycanın səhiyyə naziri KİV-lərdə səhiyyə sistemi barədə yazılan tənqidlərə münasibət bildirib

Azərbaycan, Bakı, 14 mart /Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev KİV-lərdə səhiyyə sistemi ilə bağlı yazılan və səslənən tənqidlərə münasibət bildirib.

Trend-in məlumatına görə, O.Şirəliyev Səhiyyə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Tibb" qəzetinə müsahibəsində bildirib ki, səhiyyə sistemində nöqsanı olmayan ölkə yoxdur: "Mənə heç olmasa, bircə dövlət göstərin ki, onun səhiyyə sistemi nöqsansız olsun. Bizdə də problemlər var və heç kim onlara göz yummağın tərəfdarı deyil. Ancaq bizi tənqid edənlər təbabətin bugünkü və vəziyyəti ilə on il əvvəlki halını müqayisə edə bilərlər".

Nazir deyib ki, müsbət dəyişikliklərin göstəricilərindən biri dövlət xəstəxanalarında çarpayıların məşğulluğudur. Bu göstərici on dəfələrlə artıb. Bu isə təsadüfi deyil. O.Şirəliyev stasionar tibb müəssisələrində çarpayıların məşğulluğunun yüksək olmasını insanların sağlamlığının zəif olmasının göstəricisi kimi qəbul etməyib: "İnsanlar həmişə xəstələnirlər, ancaq əvvəllər onların ixtisaslı tibbi yardım almaq imkanları elə də çox deyildi. Bundan başqa, həkimlərə inamsızlıq da var idi. Bu qədər çox adamın xəstələnməyi yaxşı deyil, ancaq onlar müalicə olunmasaydılar, özü də pulsuz tibbi yardım imkanları olmasaydı, lap pis olardı".

O.Şirəliyev qeyd edib ki, yalnız Azərbaycanda deyil, bütün dünyada həkim səhvlərindən heç kəs sığortalanmayıb. Hətta dünyanın ən qabaqcıl səhiyyə sistemlərindən birinə malik Almaniyanın klinikalarında statistikaya görə, il ərzində həkim səhvləri ucbatından orta hesabla 19 min nəfər dünyasını dəyişir. Hər il 1,5 milyon amerikalı dərman preparatlarının səhv tətbiq edilməsinin qurbanı olur, 7 min nəfər isə həkimlərin buraxdığı səhvlərə görə vəfat edir.

Nazirin sözlərinə görə, hər gün Azərbaycanda 170 min nəfər ambulator yardım üçün poliklinikalara müraciət edir və orta hesabla 26 min pasiyent stasionarlarda müalicə olunur: "Təbiidir ki, bizdə də xəstəxanalar üzrə ölüm göstəricisinin statistikası var və o, 0,3% təşkil edir. Ancaq əminəm ki, heç kəs belə bir danılmaz faktı inkar etməz ki, ölüm göstəricisinin faizi yüksək olan xəstəliklər var. Bu, ilk növbədə, onkologiya, ürək-damar xəstəlikləri, nevrologiyadır. Bütün dünyada xəstələr arasında vəfat edənlər olur, Azərbaycan da bu cəhətdən istisna deyil. Məsələ yalnız ölüm göstəricisinin müəyyən hədd daxilində olmasından gedir".

O.Şirəliyev onu da qeyd edib ki, konstruktiv tənqidi sakit qəbul edir. Faydalı məsləhətlər və tövsiyələr isə ona səhiyyədəki problemlərin həllində kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti